Hamı bu oyundan danışır – Vay uduzanın halına!

30 Mart 19:00 Gündəm 240
Hamı bu oyundan danışır – Vay uduzanın halına!

Premyer Liqanın 28-ci turunun mərkəzi qarşılaşması “Bank Respublika Arena”da baş tutacaq.

Avrokuboklara, həm də medallara iddia edən iki komanda – “Sabah”la “Zirə” martın 30-da sözügedən stadionda üz-üzə gələcək.

Sadıqovla Renduliçin dueli

Mövsümə uğursuz başlayan, ölkə kubokunda mübarizəni dayandıran “tələbələr” Murad Musayevlə yollarını ayırandan sonra “sükan” arxasında Krunoslav Renduliç gətirildi.

Xorvatiyalı çalışdırıcı hələ ki, uğurlu təsir bağışlayır. “Sabah” Renduliçin rəhbərliyi altında “Qəbələ”ylə “Sumqayıt”ı məğlub etməklə ikinci pillədə qərarlaşıb. Bu, təcrübəli çalışdırıcı üçün ciddi sınaq olacaq. “Zirə”nin “bərk qoz” təsiri bağışladığını nəzərə alsaq, oyunun gərginliyini indidən təsəvvür etmək çətin deyil. İddialı və emosional Rəşad Sadıqovla Renduliçin taktiki savaşını izləmək futbolsevərlərə əlavə zövq verəcək.

Vay uduzanın halına

İşin maraqlı tərəfi hər iki komandanın formada olmasıdır. “Tələbələr” son 3 görüşü qələbə ilə başa vurubsa, zirəlilər üçüncü dövrənin sonuncu oyununda “Kəpəz” üzərində parlaq qələbə qazanıb.

Masazır təmsilçisi bu matçdan da üzüağ çıxmağı bacarsa, onlara ölüm yoxdur. İkinci pillədəki yerini bərkidəcək, kollektivin inamı artacaq, avrokuboklara vəsiqə yolunda irəliyə doğru böyük addım atılacaq. Belədə, “qartallar” dördüncü sıradan aşağı yuvarlana bilər.

Yox, masazırlılar məğlub olsalar, “Sabah”ın beşinci pilləyə yuvarlanması qaçılmaz olacaq. Odur ki, qələbə hər iki komandaya hava-su kimi vacibdir.

Oyun “alt” gələcək?

Cari mövsümdəki statistika zirəlilərin xeyrinədir. Komandalar avqustdan bu yana 3 dəfə üz-üzə gəlib. İlk iki oyunda “Zirə” 1:0 hesablı qələbəyə sevinib. Həm Zirədə, həm də Masazırda. Yanvardakı qarşılaşmada isə “tələbələr” 3 xalı bayram edib. Maraqlıdır ki, bu dəfə də 1:0 hesabı qeydə alınıb.

Bu gün keçiriləcək “Sabah” – “Zirə” görüşü 19:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti