Brüsseldə saatlar Bakı vaxtına quruldu - Ermənistana “qatara minmək” üçün axırıncı şans

24 May 2022 12:50 Gündəm 728
Brüsseldə saatlar Bakı vaxtına quruldu - Ermənistana “qatara minmək” üçün axırıncı şans

Mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan arasında növbəti üçtərəfli görüş keçirildi.

Sonuncu dəfə bu formatda danışıqlar aprelin 6-da, ondan əvvəl isə ötən il dekabrın 14-də baş tutmuşdu.

Nəzərə alsaq ki, əvvəlki görüşlər zamanı əldə olunan anlaşmalar rəsmi İrəvan tərəfindən faktiki sabotaj olunmuşdu, bu formatda srağagünkü görüş Brüsselin sülh gündəmini irəli aparmaq, hətta onu xilas eləmək üçün üçüncü, həlledici cəhdi sayıla bilərdi.

Görüşün elan edilən nəticələrindən (bu barədə ətraflı məlumat verilib) - sərhədlərin delimatasiyası və sülh müqaviləsi üzrə komissiyaların tezliklə işə başlaması, humanitar məsələlər, kommunikasiyaların açılması, o sırada Zəngəzur dəhlizinin işə düşməsi və s. ilə bağlı əldə olunan anlaşmalarla bağlı Şarl Mişelin açıqlamasından aydın olur ki, masa üzərində yalnızca rəsmi Bakının təklif elədiyi, o cümlədən məlum 5 prinsipi özündə ehtiva edən bir gündəlik var və danışıqlar da müstəsna olaraq həmin gündəlik əsasında qabağa aparılacaq.

Təsadüfi deyil ki, Aİ Şurası Prezidenti nə “Dağlıq Qarabağ konflikti”, nə də “Minsk Qrupu” ifadələri işlətdi, həmçinin böyük sülh anlaşmasını erməni rəsmiləri kimi “status məsələsi”nə aparıb bağlamadı. Şübhə yox ki, İlham Əliyev min kilometrlərlə yol qət edib Brüsselə heç də “status məsələsi”nin müzakirəsi üçün getməmişdi.

Doğrudur, Şarl Mişel bir cümlə ilə “Qarabağın etnik erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin olunmasının vacibliyini” də vurğuladı. Lakin Azərbaycan dövlətinin buna onsuz da etirazı yoxdur və həmişə öz erməni əsilli vətəndaşlarının hüquq və təhlükəsizliyini təmin eləməyə hazır olduğunu bəyan edib.

Bir sözlə, Brüsseldə saatlar təzədən Bakı vaxtına quruldu. Belə görünür ki, həm də sonuncu dəfə. Bundan əlavə, razılığa gəlindi ki, növbəti görüş eyni formatda 1-2 aydan sonra - iyul və ya avqustda yenə Brüsseldə reallaşsın.

*****

Qalır indi İrəvanın budəfəki anlaşmaya da əməl edib-eləməyəcəyi. Erməni rəsmilər, nəhayət, anlamalıdırlar ki, iki ölkə arasında, eləcə də bütövlükdə regionda daimi sülh və əməkdaşlıq mühiti məhz Bakının yuxarıda qeyd olunan sülh gündəliyi əsasında mümkündür. Bunun alternativi yalnız yeni müharibədir.

Regionda dayanıqlı inkişafın ilkin şərti sülh müqaviləsinin imzalanmasıdır  - Politoloq - 14.03.2022, Sputnik Azərbaycan

Başqa sözlə, Nikol Paşinyan hökuməti sülh oyunları ilə vaxtı uzatmaqdansa, nəhayət, tarixi qərarını verməlidir. Verəcəkmi, yoxsa yenə Moskvanın “ağzına” baxacaq, müxtəlif bəhanələrlə vaxtı uzatmağa çalışacaq? Bunu yaxın günlərdə görəcəyik. Hər halda, sərhədlərlə bağlı komissiyaların məhz yaxın günlərdə, sülh müqaviləsi ilə bağlı komissiyaların isə yaxın həftələrdə işə başlaması haqda razılığa gəlinib.

Bu xüsusda mühüm bir məqam: Ermənistandakı radikal müxalifətin etiraz aksiyaları göstərdi ki, revanşist qüvvələr, “müharibə partiyası” ölkədə ciddi ictimai dəstəyə malik deyil. Yəni erməni toplumunun mütləq əksəriyyəti hökumətin sülh platformasının tərəfdarıdır. Bu, Paşinyana yeganə doğru qərarı vermək üçün daha bir ictimai “kart-blanş” sayıla bilər. Yəni Ermənistan baş naziri müxalifətin narazılığını bəhanə edib, Azərbaycanla sülh müqaviləsinin imzalanmasını ləngidə bilməz.

Əks halda, o da Ermənistan da yeganə tarixi şansı itirmiş olacaq. Habelə Avropa Birliyinin vəd elədiyi çox milyardlıq maliyyə dəstəyindən məhrum olacaq. Yeri gəlmişkən, 22 may görüşü zamanı Ş.Mişel bu haqda da danışıb. Bəs Ermənistan rəhbərliyi özündə iradə tapıb Azərbaycanın təklif elədiyi şərtlər əsasında sülh müqaviləsini tezləşdirəcəkmi? Əsas sual budur.

*****

“Nikol Paşinyan öz tələsinə düşüb, o, top kimi bir qapıdan digərinə atılır”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu sonuncu Brüssel görüşü ərəfəsində Ermənistanın “Hraparak” qəzeti yazıb.

“Bizimlə söhbətində yüksək vəzifəli şəxslərə yaxın mənbə dedi ki, Qərb və Rusiyanın tələbləri bir neçə məqamda üst-üstə düşür. Lakin bəzi məsələlərdə fikir ayrılığı var. Hər iki tərəf Paşinyandan tez bir zamanda sülh müqaviləsini imzalamasını, yolların açılmasını və Azərbaycanla Türkiyəyə Ermənistan ərazisindən yol çəkməsinə icazə verilməsini tələb edir”, - deyə nəşr qeyd edib.

Qəzet ardınca yazır: “Ancaq arada mühüm bir fərq var: Qərb bizi Azərbaycanın tələblərini qəbul etməyə və ”Artsax"dan əl çəkməyə, ermənilərin və azərbaycanlıların “Artsax”da bir yerdə yaşamasına icazə verməyə məcbur edir, sonra isə ola bilsin, 15 il sonra və Rusiyanın bölgədən qovulması şərti ilə məsələnin həllinə dair hansısa perspektiv vədi. Bunun müqabilində Qərb “Artsax xalqı”nın orada yaşamaq hüququna və Ermənistanın ərazi bütövlüyünü təmin edəcəyinə söz verir".

Rusiyanın mövqeyini isə “Hrapareak” belə ifadə edir: “Rusiya isə ”Artsax"ın statusu olmadan sülh müqaviləsi imzalamaqda israrlıdır. Moskva bəyan edir ki, “Artsax” problemi artıq bizimki deyil və biz Azərbaycanla münasibətlərimizi normallaşdırmalı və ordumuzu bərpa etməliyik, Rusiya buna töhfə verməyə hazırdır. Görünən odur ki, Qərb Paşinyana o qədər güclü təzyiq edir və onu Brüssel öhdəliklərini yerinə yetirməyə məcbur edir ki, Paşinyan daha manevr edə bilmir və onun Qərblə Rusiya arasında dəqiq seçim etməli olduğu məqam çox uzaqda deyil. Görək, Rusiya bu dəfə Brüssel səfərinə necə reaksiya verəcək".

*****

Moskvanın reaksiyasından asılı olmayaraq, əcnəbi analitiklərin də vurğuladıqları kimi, zaman Azərbaycana işləyir, Ermənistana yox. Bakının 5 “dəmir” prinsipi və “dəmir yumruğu” da öz yerində. Ermənistana “sülh qatarına özünü çatdırmaq” üçün axırıncı şans verilib. Bu, həm də erməni xalqının son şansıdır...

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?