"Futbolu ələ almaq istəyən gizli, üzə çıxmayan qüvvələr var"

3 Dekabr 2021 14:40 Gündəm 1 399
"Futbolu ələ almaq istəyən gizli, üzə çıxmayan qüvvələr var"

"Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov ölkə futbolunun gündəmi ilə bağlı Sportinfo.az-ın suallarını cavablandırıb.

- Tahir müəllim, son həftələr, aylar Azərbaycan futbolunda müəyyən proseslər cərəyan edir və davam etməkdədir. Ara-sıra ,konkret məsələlərə qısa açıqlamalar versəniz də, futbol içtimaiyyətinin alışdığı geniş müsahibə və ya təhlillərinizə rast gəlinmir?

- Fikirlərimizi illərdi bildiririk. Son vaxtlar müxtəlif cərəyanlar baş verdiyi üçün müşahidə etmək daha məqsədəuyğundur.

- Səbəbsiz deyil yəqin?

- Səbəblər çoxdur. Hər bir məsələ emosiyalara yox, dərin analizlərə söykənməlidir.

- Bəlkə bir-bir münasibət bildirəsiniz? Sosial şəbəkələrdən də görünür ki, azarkeşlər arasında sizə müraciətlər olur, təhlilləriniz istənilir və böyük maraqla gözlənilır.

- Hər birinə təşəkkürümü bildirirəm. Futbol azarkeşlər üçün oynanılır. Hazırda futbolla bağlı fikir bildirənlər çoxalıb. Müsbət məqamdır, mənfi tərəfi isə, pərakəndəlik və gündəmə uyğunluqdur. Bu da özlüyündə xaotik, emosional durum yaradır, futbolun kompleks problemləri "ofsaydda" qalır. Azarkeşlər fikirlərində sərbəstdirlərsə, futbol adamları bir ideya ətrafında birləşməlidirlər və davamlı olaraq futbol ictimaiyyətini atılan, atılacaq addımların doğruluğuna inandırmalıdırlar. Təəssüf ki, müəyyən səbəblərə görə, bu baş vermir.

- Konkretləşdirsək...

- 2-3 ay öncə vəziyyəti təhlil edərək fikirlərimi bildirmişəm - kabinet oyunlarına son verilməlidir! Futboldakı tənəzzülü hər kəs bilir, yenidən nəsə deməyə ehtiyac yoxdur. Indikilər futboldan getdilər, göndərildilər, gəlmək istəyənlər nə edəcək? Bir plan-proqram varmı? Yoxdur! Belədə ən yaxşı halda bir dəstə gedə bilər, digəri gələr və yenilər eyni qayda ilə dost-tanışlarını başına yığar, 5-10 il də belə keçər. Geniş futbol ictimaiyyəti bilməsə də, futbola gəlmək,, daha doğrusu, ələ almaq istəyən gizli, üzə çıxmayan qüvvələr var. 5-10 futbol adamı, jurnalist sözünü deyəcək, azarkeşlər haqlı tələblərini irəli sürəcək, sonda gözəgörünməzlər peyda olacaq və AFFA-ya yiyələnəcəklər. "Yağışdan çıxıb yağmura" düşüləcək. Belə niyyətlə, düşüncə ilə futbol dirçəlməz! Ona görə də görüntü xarakterli "mübarizə"dən futbola cavabdehlər məharətlə istifadə edirlər. İtirən yenə futbol olur.

- Bəs çıxış yolu nədədir?

- İdeologiya - fikir, düşüncə, təlim, elm deməkdir. İlk olaraq bir ideya, amal uğrunda birlik yaradılmalıdır. Ümumi futbol adına strateji yanaşma, problemlərin kompleks həlli yolları araşdırılmadan, düzgün yol seçilmədən heç vaxt qələbə, nəticə qazanıla bilməz! Problemlərin kökü qalır kənarda digər məsələlər müzakirə olunur. Daha acınacaqlısı, kabinetlərdə əyləşən və ətraflarında olan təsadüflər futbolda sözünü deyən insanlardan və ictimaiyyət arasında formalaşan futbolla bağlı haqlı iradlardan yararlanmaq niyyəti güdür. Böyük kabinetlər, vəzifələr, geniş ətraf, imkanlar ola bilər, amma futbolda söz sahiblərindən öz maraqları üçün yararlana bilməzlər. Qəti mövqeyini göstərənlər, futbol adamı, jurnalist və ya sıravi azarkeş olsun, düşünülən qədər də sadəlövh deyillər. Təbii, problemlər müzakirə olunmalıdır, ancaq ayrı-ayrılıqda, futbol kontekstindən çıxarılmış halda yox. Belədə, kənardan vəzifə davaları təəssüratı yaranır. Belə yanaşmalar sonda futbol başbilənlərinin kabinetlərdəki qələbəsi ilə nəticələnir.

- De Byazinin vəzifəsinin uzadıldığı kimi...?

De Byazi olsun və ya başqası, fərq etməz. Məşqçi seçimlərindən söhbət gedirsə, hər zaman yerlilərin tərəfdarı olmuşuq və vaxtilə "Neftçi"də bunu həyata keçirmişik. Bu addımlar təsadüf deyildi və ölkə futbolu adına strateji düşüncələrə söykənirdi. Yerli məşqçilər, mütəxəssislərlə uğurların qazanılması sübuta yetirilirdi. Necə ki, bu yolu artıqlaması ilə digər mütəxəssislərimiz layiqincə davam etdirirlər. Beyinlərdə futbola baxış dəyişilərsə, hər bir bacarıqlı məşqçi, mütəxəssis öz yerini alar. Limit onsuz da çoxdan bitib, kimlər futbola rəhbərlik edirsə etsin, başqa yolları yoxdur. Əks halda 3-5 aya bumeranq effekti olacaq. Səhvlərdən nəticə çıxarılmayacaqsa, tərəflərin vəzifə davaları yenidən qızışacaq, dairəvi valın fırlanması təkrarlanacaq.

- Deməli, heç bir ümid, tunelin o biri tərəfində işıq görünmür?

- Uğurun təməli seçdiyin, getdiyin yolu bilməyindədir ki, sonda işıq görünsün. Çıxış yolları hər zaman var. Səhvlərdən nəticə çıxarılmalıdır və ümumi futbolun inkişafı düşünülərək dönüş yaradılmalıdır. Bütün qüvvələr bir olsa, qısa vaxtda Azərbaycan futbolunu dirçəltmək mümkündür. Ölkə futbolunun potensialı yetərincədir.

- AFFA bunu etməyə qadirdir?

İstər federasiya olsun, istərsə AFFA-ya can atan qüvvələr, hər kəs dərk etməlidir, böyük futbol zarafatı sevmir. Kabinetlərdə "oyunlar" oynanıla, kimlərsə bir-birinə qalib gələ bilər, sonda xalqın qarşısına çıxmaq məcburiyyətində qalınır. Kabinetlərdə sevinənlər, yaşıl meydanlarda daimi məğlubiyyətlə üzləşirlər. Futbolu gizlətmək mümkün deyil. Bunu hər kəs dərk etməli, düşünməli və nəticə çıxarmalıdır.

- Sizə doğma olan "Neftçi"nin də çempionluqdan sonra işləri düz getmir.

- Niyə ki? Müxtəlif tədbirlər keçirilir.

- Qeyd etdiyiniz yaşıl meydanda "Neftçi" özünə bənzəmir.

Bu gün klub/komandada nələrin baş verəcəyini hələ yayda, avrokuboklardan sonra geniş təhlilli yazıda bildirmişəm. Qış fasiləsinə az qalıb, yenidən ətraflı analizlər edərik. Müxtəlif sosial layihələr uğurlu nəticələrlə birgə addımlasa, daha effektli olar. "Neftçi" ilk öncə tarixi futbol klubudur.

- Tahir müəllim, futbola nə vaxt qayıdırsınız?

- Biz ruhən hər zaman böyük futboldayıq.

- Aktiv futbola qayıdışınızı deyək.

- Bilirsiniz ki, bu dövr ərzində AFFA daxil xırdalı-böyüklü rəsmi təkliflər olub, müəyyən səbəblərə görə razılaşmamışıq. Mütəxəssis iş istəməməlidir, edilən, gələn təklifləri dəyərləndirib qərar verməlidir. Mövcud reallıqda isə iş istəyən, tələb edən futbol adamlarını da qınamalı deyil. Ömürlərini futbola həsr ediblər, bu, onların haqqıdır. Rəhmətlik Böyükağa Hacıyevin sözünə qüvvət, gedib kondisioner zavodunda işləyəsi deyillər ki?! Klublar dağılıb, futbolda iş yerləri onsuz da minimuma enib, əksəriyyətində də futboldan uzaq insanlar. Belə vəziyyətdə futbola aid olanlar nə etməlidirlər? Təbii ki, mütəxəssislər də hər an öz üzərlərində çalışmalı, iddialarını qoruyub saxlamalıdırlar.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı