"Çətin olsa belə, hamı kimi, biz də dözürük" - Millimizin Hacısı

20 Sentyabr 19:40 Güləş 174
"Çətin olsa belə, hamı kimi, biz də dözürük" - Millimizin Hacısı

"Məşqlərimiz açıq havada davam edir. Ola bilsin, bu il dünya çempionatı keçiriləcək.

Biz də buna görə, hər ehtimala qarşı, hazırlaşırıq. Anidən ilin sonuna yarış salına bilər".

Sportinfo.az xəbər verir ki, bunu sərbəst güləş üzrə 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev milli komandanın açıq havada keçirilən məşqləri barədə danışarkən deyib.

29 yaşlı pəhləvan bildirib ki, yarış olmasa belə, hər zaman hazırlıqlı olmaq lazımdır: "Tokio Yay Olimpiya Oyunları 2021-ci ilə təxirə salındığından, olimpiadayadək dayanmamalıyıq. Yaxşı nəticə göstərmək istəyiriksə, məşqlərimizi də yaxşı səviyyədə davam etdirməliyik".

Əliyev karantin dönəmində daha çox fiziki hazırlığa üstünlük verdiklərini söyləyib: "Pandemiya səbəbindən məşqlərimizi xalça üzərində davam etdirə bilmədik. Karantin dövründə çətin məşqləri birdən-birə azaltdıq.

Sözsüz ki, bu, bizim üçün mənfi haldır. Çətin olsa belə, hamı kimi biz də dözürük. Daha çox qaçış və fiziki təmrinləri yerinə yetirdik. Məncə, güləşçilərimizin fiziki durumu əvvəlki dövrlərə nisbətən daha yaxşıdır".

Güləş üzrə dünya çempionatının 12 - 20 dekabrda Serbiyanın paytaxtı Belqradda təşkili nəzərdə tutulsa da, hələ pandemiya səbəbindən qəti qərar verilməyib.

Digər Xəbərlər
Xəbər Lenti