
“Benfika”nın cinah oyunçusu Anxel di Maria Portuqaliya liqasında mövsüm başa çatdıqdan sonra Lissabon klubundakı çıxışını başa vuracağını bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu sosial media vasitəsilə cempionatda hədəfə çata bilmədiklərinə görə təəssüfləndiyini və dəstəyə görə azarkeşlərə minnətdarlığını çatdırıb:
“Bu, hədəflədiyimiz nəticə deyil. Məqsədimizə çatmaq üçün bütün il çox çalışdıq. Mövsümün belə başa çatması çox ağrılıdır.
Bu, mənim “Benfika” forması ilə son liqa matçım idi və onu yenidən geyinmək şərəfinə nail olmaqdan qürur duyuram.
Bazar günü bizi final gözləyir və qalib gəlmək üçün hər şeyi edəcəyik. Hər şey üçün təşəkkür edirəm, azarkeşlər”.
“Benfika” çempionluq uğrunda gedən gərgin mübarizədə əsas rəqibi “Sportinq”ə uduzub.