
“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo Portuqaliya milli komandasının yeni çalışdırıcısı ola bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə “HT Spor” nəşri məlumat yayıb.
62 yaşlı mütəxəssis artıq milli komanda ilə ilkin razılıq əldə edib. Onun rəsmi təyinatının UEFA Millətlər Liqasının final oyunlarından sonra – iyunda açıqlanacağı gözlənilir.
Portuqaliya millisi iyunun 4-də Millətlər Liqasının yarımfinalında Almaniya yığması ilə qarşılaşacaq.
Digər yarımfinalda isə İspaniya və Fransa milliləri üz-üzə gələcəklər. Turnirin final görüşü 8 iyunda keçiriləcək.