Braziliya da, Uruqvay da 1/4 ilk oyun günündə mundialdan getdi.
Az qala bir aydı müxtəlif komandaların adı çəkilirdi.
Amerika, Afrika, hətta Asiya qitəsinin komandalarından. Bu mübahisə bitdi: dünya kubokunun sahibi yenə avropalılar olacaq...
Futbolçuya heykəl qoyan cənubi amerikalılar...
Braziliya haqda Belçika ilə oyun günü yazmışdıq ki, beşqat dünya çempionu mundialda ilk dəfə yaxşı komanda ilə qarşılaşır. Braziliyanın bu çempionatda ilk beşlikdə haqqı var, bunu danmaq olmaz. Belçika ilə qarşılaşmada komanda bütün gücünü sərf etdi, bu çempionatda ən yaxşı oyununu göstərdi. Maləsəf...
Fransaya rəqib olan daha bir Cənubi Amerika qitəsi millisi Uruqvay isə Edinson Kavani meydana çıxmadığı üçün sönmüş ocağı xatırladırdı. Arada "üfürəndə közərirdilər" ki bu da fransızlar üçün heç bir təhlükə törətmirdi. Həm Belçika, həm fransızlar bir daha sübut etdilər ki, müasir futbol getdikcə sadəcə, topla yaxşı davranmaq elmi deyil.
Müasir futbol heç ulduzların heyətdə "sayrışması" da deyil. Müasir futbolun əndrabadi saç düzümü, uzun saqqalla əlaqəsi də yox. Müasir futbol artıq hərb sənətidir, həndəsədir... Ki, topu hardan və necə vurmaq, rəqibi necə geri oturtmaq, ağır artireliyanı meydanda necə dəqiq yerləşdirməyi ölçüb-biçəsən. Qapıya yol tapmaq indi müasir futbol mühəndislərinin və məşqçilərinin öhdəsindədir.
Cənubi Amerika komandaları isə futbolu hələ də ürəkləri və sevgiləri ilə oynayırlar...Bir oyunda yaxşı, bir oyunda pis. Üsətəlik, məhəllə futbolundakı kimi publikaya aldanırlar: bir oyunçunu keçirlər, sonra daha birini, sonra daha birini, urra-urra...və top artıq rəqibdədir.
Pele çempionat başlayanda nə demişdi? "Braziliyanın heyətində usta oynuçular var, amma komanda deyil'.
Əlbəttə, Pele dediyi kimi də deyildi. Braziliya doğurdan, Belçika ilə azarkeş leksikonu ilə desək "nəyi vardı, oynadı". Amma bu yetərli olmadı. Belçika "sərkərdələri" oyunu çözmüşdü. Belçika birinci hissədə qələbənin yarısını əldə etdi, ikinci hissədə onu qorudu. Amma burada bir xüsusi qeydə də ehtyac var. İki- üç epizod istisna olmaqla, Belçika 95 dəqiqədə oyunu qəsdən ləngitmədi. Hətta uzatma dəqiqələrində belə topun meydanda qalmasını saxladılar. Braziliya öndə olsaydı, əminəm, bunun əksini görəcəkdik.
Bir oyunçu yox, komanda oyunu...
Kavani mundialda ilk dəfə meydana çıxmadı və Uruqvay fransızlara uduzdu. Bəli, komandanı arxasınca aparan ulduz oyunçuların olması çox əhəmiyyətlidir, amma "hər şeyi o bizim əvəzimidən edəcək" dövrü bitir. Kavani yazığı Portuqliya ilə 1/8-də bütün meydan boyu işlətməyin axırı zədə oldu. Kavani olmadı, Uruqvay da uduzdu. Bu qədər sadə bir səbəb...
Cənubi Amerika ölkələrində əfsanə futbolçular olub, olacaq. Onlar mental olaraq belə kumurləri yaratmaq, ona sitayiş etmək, şımartmağı sevirlər. Onlar futbolu belə adamlarla sevirlər. Hətta onları komandada diktator da edirlər, heykəl qoyurlar. Amma nə Messi(Argentina), nə Neymar(Braziliya), nə Kavani (Uruqvay), nə Çiçarito(Meksika), nə Bakka(Kolumbiya) bu çempionatda heç nə edə bilmədilər..Halbuki onlar öz ölkələrində az qala peyğəmbərdirlər...Möcüzə isə olmadı...
İsveç bu mərhələyə niyə gəlmişdi?
1/4-də ikinci oyun günü İsveç-İngiltərə oyunu gözlənilənlərin əksinə olaraq sönük keçdi. İngilislər yenə həmin soyuqqanlı və verilmiş tapşırıqlara uyğun oynadı. Avropanın ən sürətli klublarının cəmləşdiyi Premyer Liqanın oyunları hara, İngiltərə millisinin İsveçlə oyunu hara? İngilislərin futbolu tamaşaçı üçün baxımlı deyil, amma kişilər öz işini görürür.İngilislər yarımfina çıxmış dördülükdə məncə ən zəifidir. Amma komanda belə "döyuş" metodunu seçib. Yavaş-yavaş irəliləyirlər. İsveç zəif oynadı, komandada heç nə alınmadı. Topu sağa-sola qovub 1/4-dən evə qayıtdılar. Əlbəttə, məmnun olmaları lazım. Çempionluğa iddialar evlərindəki televizorda onlara baxıb köks ötürüsə, İsveç niyə də məmnun olmasın ki...
Rusiya, spasibo...
Yarımfinalın son qarşılaşmasının Rusiyanın diktəsi altında başlaması onunla nəticələndi ki, Xorvatiya qapısında qol gördü. Rusiya bu çempionatda yaxşı oynadı. Bu uğuru Rusiyanın "doğma torpaq"da oynaması ilə əlaqələndirmək ədalətsizlik olar. Rusiya millisi güclü azarkeş dəstəyindən yararlandı, amma Stanislav Çerçesov futbol oynamağı bacaran, fiziki cəhətdən hazırlıqlı komanda yaratmağı bacarıb, ruslara da sevdirdi, hətta psixoz etdi.
Ruslar bu çempionatda təkcə İspaniyanı yox, bir neçə sinəsinə döyən(indi dizinə döyən) komandayla üz-üzə gəlsəydi, onları sıradan çıxara bilərdi. Xorvatiya isə.. çempionluq yolunda "nahamar daşı" kənara atdı.
Ev sahibini mübarizədən kənarlaşdırmaq gücündən asılı olmayaraq, komanda üçün əlavə motivasiyadır. Xorvatiya isə çempionluğun bir addımlığına gəlmişkən, finalda oynamağı heç Böyük Britaniya kraliçasına da güzəştə gedənə oxşamır...
Beləliklə, dünya kubokuna dörd komanda iddia edir. Fransa, Belçika, Xorvatiya və İngiltərə. Onlardan ikisi dünya çempionluğunu bayram edib. Xorvatiya-Belçika isə...Onların finalı olarsa...Tələsməyək...
Nazim Sabiroğlu

