“Azərbaycana getməklə “satqın” ləkəsi götürmək nə qədər çətin idi"

31 May 2020 23:20 Digər növlər 867
“Azərbaycana getməklə “satqın” ləkəsi götürmək nə qədər çətin idi"

“Ukraynadan gedib başqa ölkənin adından çıxış edəcəyimi heç vaxt düşünməzdim.

Mən beyindən sümüyədək vətənpərvərəm və son anadək Azərbaycana getmək istəmirdim”.

Sportinfo.az xəbər verir ki, bunu ukraynalı avarçəkən İnna Osipenko-Radomska deyib.

Dörd dəfə Olimpiya Oyunlarına qatılıb 5 müxtəlif əyarlı medal qazanan kanoeçi Rio-2016-da Azərbaycan yığmasının şərəfini qoruyub. Braziliyada da mükafatçılar sırasına düşən idmançı vətənində verdiyi müsahibədə ölkəmizə gəlişini xatırlayıb:

“Bu qərar çox çətinliklə verdim. Çıxılmaz vəziyyətdə qaldığım üçün Azərbaycana getdim. Doğma ölkəndə səni dar çərçivəyə sıxanda, hazırlıq üçün şərait yaratmayanda, yalnız vədlərlə qidalandıranda getməkdən başqa yol qalmır.

İstənilən peşəkar idmançı bilir ki, nəticə nəyin bahasına əldə olunur. Ailən olandan sonra isə prinsipcə heç kimə lazım olmayan medallar barədə fanatik düşünmürsən.

Daha çox uşağın tərbiyəsi, gələcək barədə fikirləşirsən. Ölkən səni sıfıra endirirsə, istənilən idmançı sadəcə yaşamaq üçün yollar axtarmağa başlayır”.

İnna ölkəmizə gəlməsini medal qazanmaq iddiası ilə bağlayıb: “Azərbaycana da pul üçün getməmişdim. Mən 5-ci olimpiya medalını əldə etmək istəyirdim. Bu, mənim arzum idi. Əminəm ki, Ukraynada qalsaydım, medalsız qalardım.

O qədər çox vəziyyətlə üzləşmişəm ki, hazırlığı dayandırmalı, nazirliyə getməli, bağlı qapıları döyməyə, hansısa maliyyə qoparmağa çalışmışam. Cavab olaraq üzümə gülüb hər şeyin olacağına inandırıblar. Amma heç nə baş vermirdi.

Səkkiz ay borc hesabına hazırlıq keçdim. Digər idman növləri maliyyələşirdi, avarçəkmə isə yox. Növbəti dəfə suda hazırlıq keçmək əvəzinə kabinetlərdə qaçacağımı başa düşəndə getməyə qərar verdim”.

Osipenko-Radomska istəyinə Azərbaycan yığması ilə çatdığını qeyd edib: “Sonda Olimpiadaya turist kimi getmədim. Medallar uğrunda mübarizə apara bilməyəcəyəmi və səfərim turist xarakteri daşıyacağını, gəzməyə, ünsiyyət, məsafəni qət etməyə gedəcəyəmi düşünsəydim Azərbaycana yollanmaq nəyimə lazım idi ki?

Amma iddialarım qalırdı. Heç kim bilmir ki, Azərbaycana getməklə bağlı qərar vermək, özünə “satqın” ləkəsi götürmək nə qədər çətin idi. Heç kim də bilmir ki, mən uşağı iki il Ukraynada nənəsinin yanında qoymuşdum”.

Rio-2016-da kanoe ilə 200 metr məsafəyə avarçəkmədə bürünc qazanan idmançı fəxri kürsüdə Azərbaycan bayrağının dalğalanması zamanı keçirdiyi hissləri də yada salıb: “Olduğu kimi deyim: medalı hansısa müəyyən ölkə üçün qazanmağımla bağlı hissim yox idi. Hər mükafatımı ilk növbədə ailəmə, personala, məni əhatə edən insanlara və sadiq azarkeşlərimə həsr edirəm. Bu medal da onlara həsr olunub. Fəxri kürsüdə dayananda və sadiq dostlarımı tribunada xoşbəxtlikdən ağladığını görəndə onlarla birlikdə ağladım. Onlar səmimi sevinirdilər, sanki medalı özləri qazanıb. Əlbəttə, Azərbaycana hədsiz dərəcədə minnətdaram. Onlar gözəl şərait yaradıb, mənə münasibət sadəcə möhtəşəm idi. Beşinci Olimpiadam olsa da, Azərbaycandakı kimi deyil, heç ona yaxın şərait Ukraynada heç vaxt olmayıb. Azərbaycan olduğum iki il ərzində bir dəfə də ora getdiyimə peşman olmamışam”.

İnna sonradan yenidən Ukraynaya qayıtması, Azərbaycanda qalmamasına da aydınlıq gətirib: “Qürbətdə həmişə gəlmə kimi qalırsan. Sanki özlərininkisən, amma heç vaxt da tam özlərinki olmayacaqsan, onların qanından deyilsən. İkincisi, medallar öz yerində, dünyaya daha bir uşaq gətirmək planım var idi. Bu, dönüşümə təsir edən ən vacib amil idi. Bu, daha bir Olimpiya medalından da önəmli idi. Həm də çoxdandır görmədiyim birinci uşağım üçün darıxırdım”.

Digər Xəbərlər
Xəbər Lenti