"Ümid edirəm ki, bundan sonra ancaq qızıl qazanaram”

12 Mart 2023 03:30 Digər növlər 348
"Ümid edirəm ki, bundan sonra ancaq qızıl qazanaram”

“Daha yaxşı nəticə göstərməliyəm. Çünki qarşıda Avropa çempionatı var”.

Sportinfo.az xəbər verir ki, bunu Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun qalibi olan Azərbaycan təmsilçisi Nikita Simonov jurnalistlərə açıqlamasında deyib.

Halqalarla hərəkətlərin icrasında birinci yeri tutan 27 yaşlı gimnast təəssüratlarının müsbət olduğunu söyləyib:

“Bu, olimpiya reytinqi baxımından vacib mərhələ idi. Çempion olduğum üçün çox şadam.

Qarşıdan gələn Avropa çempionatında da uğurlu çıxış etməliyəm ki, dünya çempionatına yollanım. Ardından isə Qahirədə olimpiadaya lisenziya xarakterli yarış olacaq”.

Simonov yenidən olimpiada həyəcanı yaşamaq arzusunda olduğunu etiraf edib:

“Tokio-2020 Yay Olimpiya Oyunları ilə müqayisədə bu dəfə olimpiadaya vəsiqə imkanı daha yaxşıdır.

Çünki Tokioya bir lisenziya şansı var idisə, bu dəfə iki kvotada bunu əldə etmək mümkündür. Mən də yenidən olimpiadada iştirak etmək üçün çalışacağam”.

O, daha əvvəl Dünya Kubokunun bürünc və gümüş medallarını qazandığını xatırladıb:

“Dünya Kuboklarında artıq bir dəst medalım var. Buna görə çox sevinirəm. Ümid edirəm ki, bundan sonra ancaq qızıl medal qazanaram”.

Gimnast martın 12-də keçiriləcək finalda iştirak edəcək komanda yoldaşı İvan Tixonova uğurlar arzulayıb:

“Sabahkı finalda İvandan uğurlu çıxış gözləyirəm. Təsnifatda çox yaxşı nəticə göstərmişdi. Düzdür, orada 6-cı yeri tutmuşdu. Ancaq finalda hər şey ola bilər. Komanda yoldaşlarımın da sabah medal qazanmalarını arzulayıram”.

İvan Tixonov turnikdə, qadın gimnast Nazənin Teymurova isə sərbəst hərəkətlərdə final çıxışını edəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!