
"Yığmanın güclü idmançılarının məşqlərinə baxırıq. Bu cür toplanışlar gimnastlarımız üçün vacibdir və onların gələcək karyeralarına töhfə verəcək".
Sportinfo.az xəbər verir ki, bunu Bakıda təlim-məşq toplanışında olan Sumqayıt Olimpiya İdman Kompleksinin bədii gimnastika üzrə məşqçisi Fatimə Qurbanova deyib.
O bildirib ki, Milli Gimnastika Arenasındakı hazırlıq Sumqayıt gimnastlarına böyük kömək olacaq:
“Hazırda klubumuzda 20-yə yaxın gimnast fəaliyyət göstərir. Builki yarışlara ciddi şəkildə hazırlaşırıq.
Komandamızın bölgəmizi layiqli şəkildə təmsil etməsini istəyirik. Bakıdakı təlim-məşq toplanışımızı çox yüksək qiymətləndirirəm. Yığmanın məşqləri gimnastlarımızda böyük maraq oyadır”.
Həmçinin, Şəmkirin bədii gimnastika üzrə məşqçisi Leyla-xanım Litvinova da idmançılarının Bakıda toplanış keçmələrinə münasibət bildirib.
Şəmkir Gənclər Evində dərslər keçdiklərini bildirən Litvinova paytaxta 7 gimnastla gəldiklərini əlavə edib: “Hazırda Şəmkirdə 20 uşaq gimnastika ilə məşğul olur.
Yığma ilə təlim keçmək üçün Bakıya 7 nəfərlə gəlmişik. Hazırlıq yüksək səviyyədə keçir. Uşaqlar üçün hər bir şərait yaradılıb.
Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya və qurum rəsmilərinə minnətdarlığımızı bildiririk”.