Dortmund "Borussiya"sının azarkeşləri Çempionlar Liqasının formatının dəyişməsinə sərt formata etirazlarını ifadə ediblər.
hadisə yarışın ikinci turunun "Borussiya" - "Seltik" (Şotlandiya) oyunu (7:1) zamanı baş verib.
UEFA-nın avrokuboklarda apardığı islahatlara etiraz edən fanatlar qurumun bundan yalnız pul qazandığını bildiriblər.
Matçdan əvvəl qapılardan birinin arxasındakı sektorda yer alan minlərlə azarkeş "UEFA Mafiya" koreoqrafiyası, onun altında isə "Sizi idman maraqlandırmır, ancaq pul düşündürür" sözləri olan pankart açıblar.
Bu, Çempionlar Liqasının himni çalınan zaman baş verib.
Təcrübədə belə bannerlərə görə klublar UEFA tərəfindən cəza alıb. Odur ki, "Borussiya"ya qarşı da sanksiyanın tətbiq olunacağı ehtimalı böyükdür.
2024/25 mövsümündən etibarən UEFA avropa kuboklarının formatına dəyişiklik edib. Nəticədə Çempionlar Liqasında komanda (36) və oyun sayı artırılaraq yeni Liqa mərhələsində 8-ə (əvvəl 6 idi) çatıdırılıb.
TOP-5 ölkələrin bəzi aparıcı klubları isə bu qərarın təqvim sıxlığına səbəb olduğunu və bundan futbolçuların əziyyət çəkdiyini bildiriblər.
Onların sözlərinə görə, mövsüm ərzində bütün turnirlərdə oyun sayının çoxluğu futbolçuların fiziki yüklənməsi və zədələnməsi ilə nəticələnir.