"Açığı, bu barədə çox fikirləşirəm.
Vəziyyətin bu cür alınmasında məndən asılı olan və olmayan səbəblər olub".
Bu sözləri Sportinfo.az-a açıqlamasında Amit Quluzadə deyib.
Gənclər millisinin sabiq üzvü karyerasını Avstriyada davam etdirəcək. 28 yaşlı yarımmüdafiəçi "ATSV Stadl-Paura" ilə razılaşıb.
Region Liqası klubu Quluzadə ilə müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalayıb.
Son klubu Moldova "Milsami"si olan Amit daha əvvəl “Rəvan”, “Sumqayıt”, “Qəbələ”, “Səbail”, “Ərciyəsspor” (Türkiyə), “Atletiko” (Portuqaliya), AEL (Yunanıstan), “Drita” (Kosovo) və “Çelik”də (Bosniya və Hersoqovina) çıxış edib.
Göründüyü kimi, Quluzadə indiyə qədər 6 fərqli ölkədə oynayıb və demək olar heç birində uzun müddət duruş gətirə bilməyib. Bu fakt Avstriya səfəri öncəsi onu qorxutmur ki?
Cavabını eşidək: “Məndən asılı olan səbəb səbrsizlikdir. Bu mövzuda saatlarla danışa bilərik. Bəzən gözlənilməz hadisə ilə rastlaşmışam, bəzən sənəd problemi olub, bəzən azərbaycanlı olmağım problem yaradıb.
Hər dəfə bir şey. Yaşananlara baxmayaraq, Avstriyaya inamlı gedirəm. Çünki baş məşqçi və köməkçisi ilə dəfələrlə danışmışam, mənə inandıqlarını deyiblər.
Bir ildir futbolsuzam, belə vəziyyətdə məni etimad göstərirlərsə, deməli, bildikləri nəsə var“.

