“Bakı”nın yetirməsinin “Olimpiakos”a keçidi baş tutmadı

20 Fevral 2022 16:00 Bizimkilər 1 571
“Bakı”nın yetirməsinin “Olimpiakos”a keçidi baş tutmadı

Turan Manafovun ardınca daha bir azərbaycanlı futbolçu “Olimpiakos Volos”un formasını geyinə bilərdi.

Lakin keçid baş tutmayıb.

Nazim Bağırov Yunanıstan komandasında baxışda olub, testdən uğurla keçib. Hətta baş məşqçi azərbaycanlı hücumçu ilə müqavilə imzalanmasında maraqlı olub.

Di gəl, ortaya əmma çıxıb. Yunanıstanın Birinci Liqasının qaydalarına görə, bir komandada Avropa pasportundan kənar yalnız 5 futbolçunun oynamasına icazə verilir.

Baş məşqçi legionerlərdən biri ilə yolların ayrılmasında maraqlı imiş və istəyinin baş tutacağına əmin olub.

Həmin futbolçunu yola salan kimi Nazim sifariş ediləcəkmiş. Lakin baş məşqçinin sərəncamında görmək istəmədiyi futbolçu müqavilə şərtlərini əsas gətirərək klubu tərk etməyəcəyini bildirib.

Sonradan klub rəhbərliyi Bağırovla 2 illik müqavilə bağlayıb, yaya qədər onu başqa komandaya icarə verməyi təklif edib. Bu dəfə futbolçu ilə agenti buna razı olmayıb.

Halbuki, Nazim “Olimpiakos Volos”un düşərgəsində olanda Xorvatiyanın Birinci Liqa təmsilçisi “Opatiya” həmyerlimizin xidmətində maraqlı olub. 22 yaşlı futbolçumuz məhz Yunanıstanda qalıb, Turan Manafovla komanda yoldaşı olmaq həvəsinə görə xorvatların təklifini rədd edib.

Nazim Bağırov “Bakı”nın yetirməsi olsa da, ötən mövsümü “Neftçi-2”də keçirib, bu komanda ilə Birinci Divizionun qalibi olub. Yayda Gürcüstan “Şevardeni”si ilə müqavilə bağlayaraq dekabra qədər bu komandada 4 oyun keçirib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!