FOTOLAR: Azərbaycanlı futbolçu “Alanyaspor”da! – Anasından açıqlama

27 Sentyabr 2021 20:00 Bizimkilər 2 901
FOTOLAR: Azərbaycanlı futbolçu “Alanyaspor”da! – Anasından açıqlama

Azərbaycanlı futbolçu “Alanyaspor”un düşərgəsindədir.

Ölkənin istedadlı yeniyetmələrindən sayılan, uzun illər “Qarabağ”ın formasını geyinən,

hazırda U-16-ya cəlb olunan Vüqar Bağırov 4 aydır Türkiyə klubunun sıralarındadır. Halbuki, bir müddət öncə səsi Gürcüstandan gəlirdi.

Məsələnin mahiyyətinə varmaq üçün məlumatları futbolçunun anasından aldıq. Elnarə xanım övladının Türkiyə klubuna keçidi haqda Sportinfo.az-a bunları dedi:

“Artıq 4 aydır burdayıq. Vüqar hələ Gürcüstanda olanda “Alanyaspor”dan zəng vurub, maraqlanırdılar. Daha doğrusu, dəvət edirdilər.

Sözün düzü, risk etmək istəmirdim. Vuqarın agenti olan İrfan Keklikin təşəbbüsü ilə Türkiyəyə gəldik. O, “Alanyaspor”un Vüqarla ciddi maraqlandığını bildirdi. Oturub danışdıq, planlarla tanış olduq və yekunda razılaşdıq”.

Elnurə xanım Alanyada onlara yaradılan şəraitdən ağızdolusu danışdı:

“Sağ olsunlar, bizə hər cür şərait yaradıblar. Türkiyəyə gələn kimi əsas məqsəd yaşamaq icazəsi üçün viza almaq idi.

Tələsik həmin məsələnin üstünə düşdük və mənə 2 illik viza alındı. Vüqar oğlum olduğu üçün viza avtomatik ona da şamil olunur.

Çox yaxşı şəraitli xüsusi evlə təmin olunmuşuq. Qidalanmanın böyük hissəsi də qarşılanır. Yəni, yaşamaq üçün nə lazımdırsa, ediblər”.

Maraqlıdır, Vüqarla neçə illik müqavilə bağlanıb? Hazırda hansı çempionatda çıxış edir? Gələcək perspektivi necə görünür?

Futbolçunun anası bu kimi sualları da cavavlandırdı: “Vüqarın 15 yaşı tamam olmasa da, U-16 komandasındadır.

Düzü, hələ ki, müqavilə bağlamamışıq. Yaxın günlərdə bağlayacaqlar. Bu da sənədləşmə işlərindəki proseslərə görədir.

Aşağı yaş qruplarının çempionatı hələ başlamayıb. Neçə vaxtdır böyük həvəslə çempionata hazırlaşırlar.

Vüqar özü də hansı məsuliyyətin altına girdiyini yaxşı bilir. Millinin oyunçusudur, Azərbaycandan gəlib və ona böyük ümidlər bəsləndiyini dərk edir.

Ona görə də durmadan üzərində çalışıb, vətəninin və öz adını layiqincə təmsil etmək istəyir. İnşallah, “Alanyaspor” karyerası inkişafında böyük rol oynayar”.

Vüqar Bağırov hücumçu mövqeyində çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti