Azərbaycanın sadə insanı, dahi futbolçusu!

23 Fevral 2020 23:20 Azərbaycan Futbolu 1 332
Azərbaycanın sadə insanı, dahi futbolçusu!

Ağ-qara formada, ağ-qara ekranlardan bizlərə futbolu sevdirən Banişevski. Zamanını qabaqlamış, öz dövrünün futbolundan qat-qat üstün oyun sərgiləyən əvəzolunmaz şəxsiyyət!

SSRİ dönəmində "Dinamo" M., "Spartak", "Dinamo" K. kimi aparıcı klubların as futbolçuları ola-ola rəqabətdən qalib çıxaraq yığmanın əsas oyunçularından birinə çevrilmək hər futbolçunun bacaracağı iş deyildi...

Bilənlər bilir, o vaxtlar əyalətdə yaşayıb futbol oynayaraq buna nail olmaq nə demək idi... Üstəgəl, gənc yaşında yığmaya düşmək üçün yeniyetməlik illərindən "Neftçi"nin liderlərindən birinə çevrilməliydin...

İndi Azərbaycanda 23-25 yaşlı futbolçuları gənc sayırlar. Banişevski 19 yaşında artıq nəhəng SSRİ yığmasında debüt edib heyətdə möhkəmlənməyi, əsas fiqurlardan biri olmağı bacarmışdı. Bu, istedad zirvəsinin, əzmkarlığının, yaxşı məktəb keçməsinin əsl göstəricisi idi...

Həyat elə gətirmişdi ki, ömrünün son 5-10 ilində stadionlarda, müxtəlif tədbirlərdə tez-tez rastlaşar, görüşərdik. Böyüklə-böyük idi, kiçiklə-kiçik... Heç deməzdin ki, qarşında futbol dahisi dayanıb...

Sadəliyi qədər avtoriteti, hörməti şəksiz idi. Gülərüz, ünsiyyətcil, yeri gələndə sözünü zarafatla deyərdi. Baş əyməz, qalstuklu həyatı sevməzdi. Öz ruhu ilə hər zaman xalqla bir olardı...

Dövr dəyişirdi, bir-iki ilə SSRİ dağılacaqdı... Hələ ki, "Neftçi" qış hazırlığında soyuq, kəsici küləkdə, sulu qar yağışı altında yoxlama oyunu keçirirdi. Matçı idarə etməyə hazırlaşırdıq. Banişevski də gəlmişdi...

Səhhəti özünü göstərirdi artıq, illərindən daha yaşlı görünürdü. Şaxtalı havada rahat oyuna baxması üçün hakimlər otağına dəvət etdik. İsti otağın pəncərəsindən görüşü izləmək mümkün idi. Zarafatla, "doveryayete mne" deyib gülümsündü...

Fasilədə geri qayıtdıq. Bizi düşünüb çay təşkil etmişdi. Otağa daxil olan kimi, "çay için, xolodno" deyib cibindən siqaret qutusunu çıxartdı. Siqareti çox çəkərdi... Nəzərim gözlərindən yayınmadı, "Qarabağ" siqareti idi...

Bir anda gülər üzünü kədər boğdu. Siqareti yandıra-yandıra, "dərdimizi çəkirik", dedi. Bir-iki cümləylə Qorbaçovu da yad elədi. Dərin düşüncələrə dalmışdı, gözlərinin dərinliyi çox uzaqlara aparırdı onu...

O vaxt çox gənc idik, Banişevskiinin daxili fəryadını tam dərk etmirdik. İndi düşünürsən ki, bir tərəfdən müharibə, xaos, şəraitsizlik, digər tərəfdən də "Neftçi" artıq Banişevskinin "Neftçi"si deyildi. O "Neftçi" ki, futbolçusu "Marakana"da bir qapıya top vuranda, əks qapıya da qolu Pele vururdu...

SSRİ dağılmışdı artıq... Banişevski ən azından bir çoxları kimi Rusiyaya köçə bilərdi. Adı, nüfuzu istənilən şəraiti qurmağa imkan verirdi. Getmədi! "Neftçi" kimi Vətənini ondan da üstün tutdu!

Yaxşı insanların, baş əyməyənlərin taleyidir sanki... Yaşadığı qısa ömürdə nələr çəkmədi, nələrdən keçmədi... Futboldan didərgin də salındı, yaşıl meydanlara çıxmağa həsrət də qoyuldu... İllər keçdi, yenidən geri qaytarıldı...

Dəyər verdiklərinə görə yox, "Neftçı"ni düşdüyü "bataqlıqdan" yenidən güclülər dəstəsinə çıxartmaq üçün Banişevskiyə möhtac idilər. Qayıtdı ki, gənc yaşlarında triumfla futbola gələn dahi, yaşıl meydanları da əllər üstə, alqışlarla tərk etsin...

Amansız xəstəlik imkan vermədi, aramızdan çox tez köçdü... Hər zaman sadə xalqla bir olmuş böyük insanı elə xalqın sevgisi yaşadır... Yaşadır ki, Banişevskisiz yetim görünən futbolumuz yenidən dirçəlsin...

Tahir Süleymanov

Digər Xəbərlər
Xəbər Lenti