"Sumqayıt" minifutbol komandası tarix yazıb.
Sumqayıt təmsilçisi tarixində ilk dəfə Minifutbol üzrə ölkə çempionatında yarımfinal mərhələsinə vəsiqə əldə edib.
Nicat Məhərrəmovun yetirmələri 1/4 final mərhələsində "Galaxy" komandasını məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
İlk oyun 3:3 hesablı bərabərliklə bitib.
Nihad Ağayevin 3 qolla yadda qaldığı cavab görüşündə 4:3 qələbə qazanmaq mümkün olub.
İlk dəfə yarışda iştirak edən Nihadın 18 qolla "Sumqayıt"ın bombardiri olduğunu da bildirək.
Komandanın baş məşqçisi Nicat Məhərrəmov Sportinfo.az-a açıqlamasında tarixi uğurdan danışıb:
"Bu, "Sumqayıt" minifutbol komandası üçün tarixi bir nəticədir və buna görə çox qürur duyuruq. Komandamız mövsüm boyu böyük əzmkarlıq, intizam və birlik nümayiş etdirdi. Bu uğur təkcə futbolçuların deyil, həm də şəhərimizin azərkeşlərinin nəticəsidir. Yarımfinala çıxmaq bizim üçün böyük addımdır, amma hədəfimiz daha da irəli getməkdir. İnşallah növbəti oyunlarda da Sumqayıtı layiqincə təmsil edəcəyik".
Klubun təsisçisi Nicat Ələsgərov isə əldə olunan uğura görə baş məşqçi amilini xüsusi önə çəkib:
"Ağır mövsüm keçir. Amma hər addımda baş məşqçimiz Nicat Məhərrəmova və onun qurduğu komandaya sonuna qədər inandıq.
Ölkəmizi Avropada təmsil edəcək ilk region komandası olmaq məni çox sevindirir".
"Sumqayıt"ın yarımfinal mərhələsindəki rəqibi "Zirə" olacaq.
İki oyundan ibarət olan bu mərhələnin ilk qarşılaşması martın 10-da keçiriləcək.
"Zirə" ilə dueldə uğurlu ola bilməsə belə "Sumqayıt"ın tarixində ilk dəfə ölkəmizi Avropa Liqasında təmsil edəcəyi dəqiqləşib.
XANOĞLAN / SPORTİNFO.AZ

