"Elxan Məmmədov haqda danışmaq kişilikdən olmaz" - MÜSAHİBƏ

1 Oktyabr 2019 17:04 Azərbaycan Futbolu 1 878
"Elxan Məmmədov haqda danışmaq kişilikdən olmaz" - MÜSAHİBƏ

1999-cu ildən 2003-ci ilə qədər AFFA-da vitse-prezident, 2003-dən 2007-ci ilə qədər isə baş katib olmuş Fuad Əsədov Sportinfo.az saytına müsahibə verib.

"53 İL ƏVVƏL DƏ FUTBOLÇU YOX İDİ, İNDİ DƏ"

- Fuad müəllim, çoxdandır mətbuatda sizin müsahibənizə rast gəlmirik.
- Nə var ki, nə də açıqlama verim? (gülür)
- İstirahətiniz necə gedir?
- Şükür, pis deyil. Təqaüdçünün istirahəti necə olar?
- Təqaüddə futbolu kənardan izləmək olur, yoxsa ancaq istirahətlə məşğulsuz?
- Əksinə, futbolu elə təqaüddə izləyərlər. Boş vaxt çoxdur.
- Belə başa düşdüm ki, Azərbaycan futbolunu yaxından izləyirsiz.
- İngiltərə, İspaniya, İtaliya çempionatlarına baxıram. Bir də ki, bizimkilər. O da az-az.
- AFFA-da 2 prezidentin zamanında işləmisiz. Ümumi götürsək, Azərbaycan futbolu haqqında nə deyə bilərsiz, kənardan necə görünür?
- Çox pis. Futbol var ki, kənardan görünə?
- Səmimi olsaq, sizin vaxtınızda var idi futbol?
- İstər Fuad Musayev, istərsə də Ramiz Mirzəyevin vaxtında mənim Azərbaycan futbolunda bir mövqeyim olub: Azərbaycanlı mentaliteti futbol oynamağa imkan vermir. Bizimki güləşdir, boksdur, əlbəyaxa idman növləridir, döyüşmək-dalaşmaq və.s. Futbol bizlik deyil. Futbol Azərbaycan xalqı, Azərbaycan ailəsi üçün tam qəbul olunmur. Bunu nəyə əsasən deyirəm, əsaslandırım: 1966-cı ildə “Neftçi” SSRİ Güclülər dəstəsində 3-cü yeri tutub bürünc medal qazanıb. Həmin mövsüm son oyunda Kiyevdə “Dinamo” ilə oynayırdılar. “Neftçi”dən meydanda olan 11 futbolçunun yalnız 2-si azərbaycanlı idi - Mübariz Zeynalovla Yaşar Babayev, vəssalam. 53 il bundan qabaq da 2 azərbaycanlı oynadırdıq, indi də. Nəzərə alaq ki, texnologiya inkişaf edib, zəmanə dəyişib, imkanlar genişlənib. Bu qədər zaman keçib, indi niyə yoxdur azərbaycanlı futbolçu? Bizdə futbol olsaydı, bu 53 ildə olardı da.
- Niyə yoxdur, Fuad müəllim?
- Mən sənə deyim. Rəhmətlik Fuad Musayevin dövründə federasiyada mən uşaq futboluna baxırdım. İldə bir dəfə də məktəblər arasında Azərbaycan birinciliyi keçirdirdik, bütün rayonlardan komandalar-uşaqlar iştirak edirdi. Mən də gedib 8-ci kilometrdəki stadionda ovaxtkı direktor Yaşar Babayevlə oturub uşaqların oyunlarına baxırdım. Özümlə AFFA-dan 2-3 nümayəndə də aparırdım. Bir neçə oyunu izləyəndən sonra 5-6 yaxşı, potensiallı uşaq seçirdik. Amma heç birinin valideyni icazə vermədi ki, uşaqları futbolçu olsun. Məsələ budur. Mənim özüm Tovuzun “Spartak” komandasında oynamağa başlayanda 16 yaşım var idi. Azərbaycanın 33 ən yaxşı futbolçusundan biri olmuşam. Həmin vaxt ilk Sovet Spartakiadası keçirilirdi. Finalda biz Zaqatala təmsilçisini 1:0 hesabıyla məğlub etdik. 1957-ci ildə isə Azərbaycan Kubokunu qazandıq. 17 yaşım var idi, getdik SSRİ Kubokunda oynamağa. Həmin vaxt ilk dəfə idi ki, ölkə kubokunu Bakı təmsilçisi yox, rayon komandası qazanırdı. Amma sonra...
- Nə oldu sonra?
- 1958-ci ildə Bakıya institut oxumağa gəldim, dayımgildə qalırdım. Dərslərin başlamasına 1-2 ay vaxt qalmışdı hələ. Səhəri gün qapımız döyüldü, mərhum Rauf Adıgözəlovla Adil Babayev gəlmişdi. Soruşdular ki, "Fuad sənsən"? Dedim, hə. Dedilər ki, səni “Dinamo”da oynamağa dəvət etməyə gəlmişik. İnstitut dönəmində də Fuad Musayevlə, Telman Budaqovla, Tofiq Fətullayevlə birgə futbol oynayırdıq. Gəldim komandaya, ertəsi gün məni oyuna buraxdılar. İnstitutun vaxtı çatana qədər oynadım. Həmin vaxt Mahaçqaladan menecerlər gəlmişdilər, məni aparmaq istədilər. Bizdən gəncəli qapıçı Faiq Niyazovla erməni yarımmüdafiəçi Rafiq Çaldıranyan getdi, mən yox. Dayım qoymadı, dedi, get, dərsini oxu. Tələbə vaxtı yol tikintisi ilə bağlı Ukraynaya 4 aylıq təcrübəyə getmişdim, orada Qluxovo “Spartak”ında oynadım. İnstitutu qurtarandan sonra əsgərliyə getdim, Litvanın Vilnüs şəhərində düşdüm. 2-3 gün idi, komandir məni yanına çağırdı, otaqda 2 nəfər var idi. Dedi bunlardan biri “Plastika” komandasının sahibi, digəri baş məşqçisidir, sənə icazə verirəm, oyna. O komandada 2 il oynadım. İndiki kimi yadımdadır, Trakay şəhərində şəmkirli yol polisi işçisi vardı, Həsənov Sabir. Mənə onun pasortunu verdilər, 2 ili axıra qədər onun sənədilə oynadım. Halbuki Sabir qaraşın, qarasaç və bığlı idi, mən isə ağappaq (gülür). Komanda SSRİ ikinci liqasında mübarizə aparırdı.
- Əsgərlikdən qayıdandan sonra nə etdiz?
- Əsgərlikdən qayıdan kimi öz ixtisasım üzrə Avtomobil Yollari Nazirliyində işləməyə başladım, nazir vəzifəsinə qədər yüksəldim. Düz təqaüdə çıxana qədər orada işlədim. 1999-cu ildə rəhmətlik Fuad Musayev dəvət etdi AFFA-ya, getdim. Onun prezidentliyi dövründə Azərbaycan çempionatında 20, Ramiz Mirzəyevin vaxtında isə 14-16 komanda çıxış edirdi. İndisə cəmi 8 klub qalıb. Nəzər alaq ki, o vaxt AFFA-da 35 nəfər işləyirdi, indi 150-200-ə yaxın adam çalışır. Bizim respublikada futbolun real vəziyyəti budur, göz qabağındadır. Nə edirsən-et, Azərbaycanda futbol olmayacaq. Çünki hamı istəyir uşağı professor olsun. Gedib qonşudan, ordan-burdan pul tapıb universitetə qoymaq istəyirlər. Amma valideyn uşağa demir ki, get, gecə-gündüz dərs oxu. Görürsüz, o günlərdə güləşçilərimiz də gedib Qazaxıstanda dünya çempionatında necə çıxış elədilər...

"QURBAN QURBANOV MİLLİ KOMANDAYA GETMƏMƏLİ İDİ"

- Fuad müəllim, maşallah, hamısını izləyirsiz, deyəsən.
- Əlbəttə, izləyirəm. Bizdə görün, nə qədər legioner var. Klublarımız Afrikadan, Amerikadan saysız-hesabsız futbolçu gətiriblər. Ancaq ortada heç nə yoxdur. Avropaya baxın, orada futbol oynayanlar bu sahəni özlərinə sənət kimi seçiblər. Futbola yalnız pul kimi baxmırlar. Ancaq bizimkilər azca yaxşı oynayan kimi, bir dənə maşın qoyurlar altına, vəssalam. Bax, bu xüsusiyyətə görə Azərbaycanda futbol olmayacaq.
- Heç vaxt olmayacaq?
- Onu artıq deyə bilmərəm, çünki 80 yaşım var. Ola bilər.
- İndi maddi imkan, şərait yaxşıdır, nəticə də yaxşı olmalıdır. Amma əksini görürük. Niyə?
- Oynamaq istəyən yoxdur da.
- Amma dediyiniz güləşdə də, boksda da vəziyyət yaxşı deyil.
- O sahələr üzrə mütəxəssis deyiləm, ona görə səbəbi barədə nəsə deyə bilmərəm. Bircə onu dəqiq bilirəm ki, bu “xəstəlik” ümumi “xəstəlikdir”. Çünki yaxşı məşqçilər yoxdur. O vaxt bu sahələrdə yaxşı mütəxəssislər çalışırdı, öz sənətini sevirdi. İndi biz hamımız istəyirik ki, az işləyib çox pul qazanaq.
- Təxminən 10 il AFFA-da işləmisiz. Sizin fəaliyyətiniz dövründəki Azərbaycan futbolu hansı vəziyyətdə idi, indi necədir?
- Onu mənim deməyim yaxşı çıxmaz. İndi özünüz görürsüz də vəziyyət necədir. Göz qabağındadır. Əgər bizim vaxtımızda çempionatda 21, sonra 18 komanda var idisə və bu gün klubların sayı 8-ə qədər düşübsə...Buna şərh verməyə ehtiyac yoxdur, məncə. Bir neçə il bundan qabaq federasiya rayon komandalarına pul verirdi.
- İndi də var.
- Elə şey olar? Sən eşitmisən ki, dünyada hansısa kluba federasiya pul versin?
- Eşitməmişəm, ancaq bizdə sponsor yoxdur axı, necə edək?
- Deməli, futbol yoxdur da. Sponsor dəlidir ki, havayı yerə pul xərcləsin? Sponsor yaxşı məşqçisi, bazası, infrstrukturu olan komandaya yatırım edər.
- Milli komandanın çıxışlarının da baxırsız?
- Əlbəttə.
- Bu seçmə mərhələdəki oyunlarımıza baxmısız, yəqin.
- Heç nə. Mənim dövrümdə nətəhər idisə, indi də elədir. Futbolçu yoxdur axı. Mənə deyin görüm, Şahin Diniyevdən əvvəl ya sonra milliyə gətirilən xarici məşqçilərə xərclənən pulların nəticəsi hanı? O əcnəbi məşqçilər nə etdilər, hansı nəticəni verdilər? Onlara ev, maşın, nə qədər pul verirdilər.
- Heç nə eləmədilər...
- Vəssalam da. Onda nədən danışırıq...Dünya çempionu Foqtsu gətirmişdilər, ona işləməyə futbolçu verməyəndən sonra nə etməlidir ki? Futbolçu yoxdursa, kim istəyirsən gətir.
- Siz Qurban Qurbanovun milliyə gətirilib 1 ildən sonra yola salınmasını doğru hesab edirsiz, yoxsa o, ümumiyyətlə, yığmanın baş məşqçisi olmamalı idi?
- Yox, mən o vaxt da fikrimi demişdim ki, Qurbanov gərək, milliyə getməyəydi.
- Nə üçün getməməli idi?
- Mənim bayaqdan bu dediklərimi Qurban axı bilirdi. Mən başa düşmədim, o, nəyə bel bağlayırdı. Futbolçu yoxdur axı. Qurban Qurbanov milliyə gedəndən sonra məsələ qaldırdı ki, bütün yığmalar ona tabe olacaq.
- Bəli.
- Qurbanov necə, hansı qüvvəylə, hansı futbolçu ilə işləyə bilərdi? Gördünüz, 1 il keçməmiş yola salındı. Mən deyən kimi də oldu. Baxın, 10 ildir “Qarabağ”da işləyir və bu komanda qabaqcıldır, ardıcıl çempion olur, Çempionlar Liqası və Avropa Liqasının qruplarında çıxış edir. Kimin hesabına?
- Legionerlərin.
- Vəssalam da. Əgər “Qarabağ”da yüksək səviyyəli azərbaycanlı futbolçular olsaydı, gedib milli komandada yaxşı oynayardılar. Bir dənə Almeydanı misal çəkə bilərəm. Milliləşdirilmiş braziliyalı çox yaxşı oynayır, topla rəftarı, ötürmələri, meydanı əla görmək qabiliyyəti və.s. Almeyda stadionda elə bil ki, “gəvə toxuyur”. Onun oyununa baxın, bir də azərbaycanlıların.

"BİZİM DÖVRDƏ AFFA QƏPİKLƏRİ SAYIRDI, İNDİKİLƏR İSƏ MİLYONLARI..."

- Sizin rayonunuz Tovuzdan əvvələr yaxşı futbolçular çıxıb. Bəs indi niyə yoxdur?
- Tovuz hər zaman futbol rayonu olub. İndi də klublara baxsaq, hərəsində heç olmasa, bir tovuzlu var.
- “Turan Tovuz” çempion olsa da, Premyer Liqaya çıxa bilmir.
- Hə, maliyyəsi yox idi. Bank zəmanəti vermək, lisenziya almaq lazımdır.
- Bu gün ölkədə futbolun pis vəziyyətdə olmasına başqa bir səbəb kimi, Premyer Liqanın yalnız Bakı klublarından ibarət olmasını göstərə bilərik?
- Bəli, ancaq Bakıdır da. Başqa hardan klub var ki...Bakılılarla az-çox rəqabət aparan, medallara oynayan bir dənə “Qəbələ”miz var idi, demək olar ki, artıq o da yoxdur. Sponsor üstündən əlini götürən kimi komanda artıq yox olmaq həddinə yaxınlaşır.
- Bəs “Neftçi” haqqında nə deyə bilərsiz?
- Vallah, mən “Neftçi”ni başa düşə bilmirəm. “Flaqman”, “flaqman” deyirlər, ancaq adı üstündə qalıb, nə etdiklərindən baş açmaq olmur. Gətirib o yazıçı idi-nəydi, onu qoydular (Müşahidə Şurasının sədri Çingiz Abdullayevi nəzərdə tutur-red) rəhbər, elə o vaxtdan da “Neftçi”nin vəziyyəti gərginləşdi. “Neftçi” həmin “Neftçi” deyil.

- Təcrübəli bir futbol adamı kimi, sizcə, “Neftçi”nin əvvəlki nüfuzunu geri qaytarmaq üçün nə etmək lazımdır?
- Heç nə. Məsələ pulda da deyil. “Neftçi” uğurlu çıxış edən vaxtlarda bu qədər pul yox idi.
- Maraqlısı da budur ki, indi lazım olan hər bir şərait var, ancaq komanda pis vəziyyətdədir, nəticə yoxdur.
- (Gülür). Çünki bu gün müstəqil olan bir klub var, o da “Qarabağ”dır. Kökü də var, bazası da, özülü də. İşlədiyim dövrdən indiyə qədər, üzbəüz gələndə də bir dəfə görməmişəm ki, Qurban Qurbanov gülsün, təbəssüm eləsin. Bütün fikri, beyni meydanın içindədir, komandasının oyunundadır. Qurbanovu “Qarabağ”dan apar, klub 1-2 ilə dağılacaq. Çünki o, klubda nizam-intizama, daxili qaydalara çox yüksək səviyyədə riayət olunmasına diqqət eliyir. İndiyə qədər də heç vaxt sponsorları baş məşqçinin işinə müdaxilə etməyib.
- “Neftçi”də nizam-intizam, qayda-qanun yoxdur?
- Bilmirəm, mən onu deyə bilmərəm. Amma “Qarabağ”da Qurbanovun gördüyü işləri izləyirəm, nizam-intizam qaydaları yüksək səviyyədədir, göz qabağındadır.
- Fuad müəllim. Siz AFFA-da işləyəndə milli komandaya indiki qədər pul ayrılmırdı?
- Yox, əşşi. Yadınıza gəlmir, Karlos Alberto Torresin vaxtında Trinidad-Tobaqoya getməyə pulumuz yox idi. Televiziyadan kimsə niyə gedə bilmədiyimizi soruşdu, dedim sponsorumuz SOCAR bizə pul vermirdi. Səhəri gün səhv eləmirəmsə, 1 milyon 250 min verdilər, getdik. Ondan sonra yenə də pul olmadı. Azdan-çoxdan oyunlara görə FİFA və UEFA-dan kömək eliyirdilər, vəssalam. Çox çətinlik çəkirdik. İndi AFFA-nın 20-25 milyonluq büdcəsi hara, bizim dövrdəki 1 milyon hara? Üstəlik Premyer Liqada da 8 komanda...
- Nəticə yoxdursa, bəs bu qədər pulu hara xərcləyirlər?
- Onu pul verənlərlə xərcləyənlərdən soruş, mən nə bilim axı. Fuad Musayevlə də, Ramiz Mirəzyevlə də işləyəndə biz qəpikləri sayırdıq. İndi bilmirəm, o qədər pulu nə edirlər, hara xərcləyirlər – öz işləridir.
- Veteran futbolçu Nazim Süleymanov AFFA Həmkarlar İttifaqı yaradıb, ancaq federasiya bunu dəstəkləmir...
- Xəbərim var, oxumuşam bu barədə. Süleymanov yaxşı oğlandır, bir-birimizi yaxından tanıyırıq, hörmətimiz var. Heç olmasa, bir məsləhətləşməli idi ki, bu, necə olan işdir? O, ictimai cəmiyyətdir. Bu barədə qanunda da var ki, kimdənsə icazə almağa ehtiyac yoxdur.
- Fuad müəllim, AFFA-dan icazə istəmirlər, sadəcə, federasiya dəstəkləmir.
- AFFA dəstək olmasın, özü bilər. O təşkilat futbolçuların cəmiyyətidir, federasiyanın yox.
- Bu təşkilatın futbolumuza xidmət etməsi, normal fəaliyyət göstərməsi üçün maliyyəyə ehtiyacı var. Veteranlarda o maddi imkan yoxdur axı...
- Bu təşkilatı AFFA-dan pul almaq üçün yaradıblarsa, heç nə, o, ictimai cəmiyyət olmadı ki. Təşkilatı ora yığışan futbol veteranlarının özü maliyyələşdirməlidir. Nizamnaməsi olmalıdır və həmin nizamnamədə maliyyə mənbəyi göstərməlidir. Əgər AFFA onlara pul versə, maddi kömək olsa, təşkilatın necə işləyəcəyini də federasiya müəyyənləşdirəcək.
- Son sualımı verim: Xələfiniz Elxan Məmmədovun fəaliyyəti barədə nə deyə bilərsiz?
- Yersiz sualdır.
- Burda yersiz nə var, Fuad müəllim? Sizin davamçınızdır, ən azından kənardan izləyirsiz.
- Hamı haqqında danışa bilərəm, amma mənim tutduğum vəzifəyə gələn insan haqqında nəsə deməyim düzgün çıxmaz. Bizim dildə desək, kişilikdən olmaz bu (gülür). İşləyir də, yaxşısını-pisini deyə bilmərəm, amma onu bilirəm ki, UEFA-da komitə üzvüdür, dünya futbolunda hörməti olan oğlandır.

Elvin ƏHƏD

Digər Xəbərlər
Xəbər Lenti