"Eyeball" şirkəti bütün böyük futbol bazarlarında, tanınmış klublarda fəaliyyət göstərir.
Sportinfo.az xəbər verir ki, bunu kamera və analiz platforması olan "Eyeball" şirkətinin direktoru Manfred Lerli deyib.
"İlk növbədə təqdimata görə təşəkkür edirəm. Bizim bir çox platformalarda məhsullarımız var. 43 ölkədə fəaliyyət göstəririk, 3000 partnyorumuz var. Çoxsaylı klublarla işləyirik. MLS-də, Afrikada, Yaxın Şərqdə platformalarımız var. Bütün böyük futbol bazarlarında, tanınmış klublarda fəaliyyət göstəririk. 70 minə yaxın oyunçunu nəzərdən keçiririk. 50 minə yaxın oyun platformamıza yüklənir. Bir çox şirkətlər bizə etimad edirlər. Hazırda gənclər daha cəlbedicidir. Oyunçulara nəzarət skautlar vasitəsilə həyata keçirilir. Gələcək üçün bu daha da önəm daşıyacaq. Transfer bazarında əlaqələr rol oynayır", - o vurğulayıb.
Manfred Lerli platformanın faydasından danışıb:
"Düşünürəm ki, bu platforma Bakıda da olmalıdır. İstedadlar harada doğulacaqlarını seçmirlər. Onlara imkanlar yaratmalıyıq. Oyunçuların inkişafını başa düşməli, onları nəzərdən keçirməliyik. Bunu hər gün etməliyik. Qiymətləndirmələr aparmalıyıq. Biz verilənləri götürüb fikirlərimizlə, təcrübəmizlə birləşdiririk. Oyunçuları hərtərəfli izləməyimiz bizim üstünlüyümüzdür. Hər oyunçunun göstəriciləri davamlı şəkildə yenilənir. AFFA-nın da belə imkanları olacaq. 500-ə yaxın oyunçu "Eyeball" vasitəsilə klublara cəlb olunub".
Qeyd edək ki, müqaviləyə əsasən, "Eyeball" şirkətinin kamera və analiz platforması AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə çempionatlarda tətbiq olunacaq.

