Qarabağ” üçün təhlükə, “Sabah”ın “dubl” həvəsi

Qarabağ” üçün təhlükə, “Sabah”ın “dubl” həvəsi

Aprelin 3-də Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk görüşləri baş tutacaq.

“Turan Tovuz” Sumqayıtda “Zirə”ni qəbul edəcək, “Sabah” Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”ın qonağı olacaq.

Diqqətlər əsasən ikinci qarşılaşmaya yönələcək.

Premyer Liqanın 25-ci turunda “Kəpəz”ə məğlub olmaqla (0:1) çempionluq şansını çətinə salan “köhlən atlar” kubok mübarizəsində qalib olmaq niyyətindədir.

Ağdamlılar ötən mövsüm finalda məğlub olduğu rəqibinə növbəti dəfə boyun əymək fikrində deyil.

Bu dəfə həlledici oyuna vəsiqə qazana bilməmək Qurban Qurbanovun rəhbərlik etdiyi komandanı pis vəziyyətə sala bilər.

İş burasındadır ki, çempionluğun əldən çıxmasından sonra kubok mübarizəsinin də vaxtından əvvəl başa çatması “Qarabağ”ın Konfrans Liqasında oynamasının mümkünlüyünü yaradır.

Finala yüksəlmək mümkün olmasa, Azərbaycan kubokunu “Zirə”ylə “Turan Tovuz”dan biri qazansa, “Qarabağ” yayda üçüncü dərəcəli klub turnirinə qoşulacaq. Odur ki, kubok yarışında qalib olmaq mütləqdir. Bu, Avropa Liqasına vəsiqə anlamını verəcək.

Hazırkı vəziyyətdə “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas qayğılıdır.

Müdafiənin dirəyi İqor Noqeyro cəzalı duruma düşdüyü üçün aprelin 2-dəki görüşdə iştirak edə bilməyəcək. Son oyunlarda qolları sıralayan Coy-Lens Mikels isə uzaq Afrika səfərindən qayıdıb.

Ruanda millisinin heyətində “FİFA Series-2026” turnirinin qalibi adını qazanan Premyer Liqanın bombardiri hər iki matçda iştirak etməklə güc itirib. Üstəlik, Ruandadan Azərbaycana qayıtmağın yaratdığı yol yorğunluğu.

Mikelsin əsas heyətdə yer almayacağı böyük ölçüdə dəqiqdir. O, ən yaxşı halda ikinci hissədə şans qazana bilər ki, fiziki hazırlığının hansı vəziyyətdə olacağı sual doğurur.

“Qarabağ”ın cari Premyer Liqa mövsümündə “Sabah”ı məğlub edə bilməməsi oyuna marağı birə-beş artırır.

İlk dövrədəki matçda “tələbələr” 2:1 hesabı ilə qələbə qazanıbsa, ötən ay baş tutan qarşılaşmada “Sabah” hesabda 3:0 öndə olduğu halda, matç 3:3 başa çatıb.

İntriqa və prinsipiallıqla dolu olan bu dəfəki duelin son dərəcə maraqlı və gərgin alınacağına şübhə yeri yoxdur.

Çempionluğa yaxın olan “Sabah”ın Premyer Liqanın qalibi adını qazanmağı, yoxsa “qızıl dubl”u hədəf seçdiyi məhz bu oyunda bilinəcək.

Qarşılaşma saat 20:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti