Futbol mütəxəssisi Sənan Qurbanov Sportinfo.az-a açıqlama verib.
Hazırda "Neftçi" akademiyasında çalışan "Keşlə" və "Qəbələ"nin sabiq baş məşqçisi Azərbaycan millisinin "FİFA Series-2026"nın qalibi olmasını şərh edib, gözləntilərini bizimlə bölüşüb:
"Ayxan Abbasov dönəmində futbolçular daha istəklidir. Daha mübariz milli görürük. Bu Fransa və Ukrayna ilə görüşlərdə də görünürdü. Ukraynadan xal aldıq, məğlub olduğumuz görüşdə xala layiq idik. Fransaya qarşı layiqli mübarizə gördük.
"FİFA Series-2026" turniri milli üçün çox faydalı oldu. Yeni simalar gördük. Oyunçular yaxşı təsir bağışladılar. Xüsusilə Syerra-Leone daha ciddi rəqib təsiri bağışladı. Heyətində "Nitsa" kimi klubda çıxış edən oyunçu vardı. Reytinqdə də bizdən irəlidə qərarlaşırlar.
Ən əsası futbolçular çox istəkliydi. Əldə olunan qələbələr millimizə ruh yüksəkliyi verdi. Nəzərə alaq ki, ardıcıl qələbələrimiz çox da olmayıb.
Qarşıdan gələn rəsmi oyunlara hazırlıq baxımından yerinə düşdü. Düşünürəm ki, Millətlər Liqasında qalib gəlmək hissini dünən komanda yaşadı. Bu milli inkişaf edə bilər. Baş məşqçi yerlidir. Ayxan Abbasov sevə-sevə oyunçulara himnimizin, bayrağımızın dəyərini başa sala bilir. Bu da əlavə stimul, motivasiyadır ki, yerli məşqçi paltardəyişmə otağında vətənpərvərlik hissini daha aydın formada oyunçulara çatdıra bilir.
Hazırkı məqamda buna ehtiyac var. Ayxan Abbasov bunun öhdəsindən layiqincə gəlir. İnşallah, bu qələbələrin ardı Millətlər Liqasında da gələr. İstəyimiz, arzumuz budur".
Azərbaycan milli komandası “FIFA Series-2026” turnirinin final görüşündə Syerra Leone yığması ilə üz-üzə gəlib.
Əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan (9:8) Azərbaycan yığması turnirin qalibi olub.
Azərbaycan millisi bundan əvvəl Sent Lüsiya yığmasına 6:1 qalib gəlmişdi.
XANOĞLAN

