Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la qarşılaşacaq APOEL dünən Bakıya gəlib. Sportinfo.az-ın Kipr mətbuatına istinadən məlumatına görə, baş məşqçi Tomas Doll bugünkü qarşılaşmada heyətdə ciddi dəyişikliklərlə diqqət çəkəcək.
Almaniyalı mütəxəssis zədə səbəbindən Kipr çempionatında meydana çıxmayan qapıçı Vid Beleçə Bakıda şans verəcək. "Doksa" ilə liqa oyununda zədələndiyi üçün erkən əvəzlənən Savvas Gentsoğlu da bu gün ilk dəqiqələrdən meydanda ola biləcək.
Bundan başqa, "Doksa" ilə matçda istirahət verilən hücumçu Roman Bezyak, həmçinin sonradan meydana daxil olaraq komandasının ikinci qoluna imza atan Andriya Pavloviçin də start heyətində yer alması gözlənilir.
Komandanın liderlərindən Giorqos Merkisin də Vuyadin Saviçlə birlikdə mərkəzdə tandem təşkil edəcəyi şübhə doğurmur.
Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – APOEL matçına saat 20:55-də start veriləcək.

