"Qarabağ"ın baş meneceri: "Əlimizdəki çəkilişi UEFA-ya vermişik"

18 Oktyabr 2019 21:00 Avropa Liqası 1 076
"Qarabağ"ın baş meneceri: "Əlimizdəki çəkilişi UEFA-ya vermişik"

Bu gün mətbuatda yayılan xəbərə görə, UEFA İntizam Komitəsi "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki ilk tur qarşılaşmasında baş verənlərlə bağlı qərarı gələn həftəyə təxirə salıb.

Bildirilir ki, sentyabrın 19-da "Sevilya" ilə matçda yaşananlarla əlaqədar məsələyə ötən gün baxılıb və böyük ehtimalla, qərar gələn həftə açıqlanacaq.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada azarkeşlər meydana kənar əşyalar atıblar. Bu, Andalusiya təmsilçisinin futbolçusu Çiçaritonun 62-ci dəqiqədə hesabı açmasından sonra baş verib.

Oktyabrın 3-də Lüksemburqda "Düdelanj"la qarşılaşmada törədilmiş erməni təxribatına gəldikdə, UEFA bu məsələyə bir müddət sonra baxacaq:

Bu matçda "Qarabağ"ın vurduğu ikinci qoldan sonra "Jozi Bartel" stadionunun üzərinə dron vasitəsilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Nəticədə oyunda fasilə yaranıb və matç 24 dəqiqədən sonra davam etdirilib.

"Qarabağ"ın baş meneceri Asif Əsgərov Sportinfo.az-a açıqlamasında UEFA-nın Lüksemburqda qeydə alınan çirkin olayı ciddi araşdırdığını bildirib:

"Bəzi məsələlər futbola, bəzisi də siyasətə aiddir. Lüksemburqdakı hadisələr sırf siyasətlə bağlıdır. Biz "Düdelanj"dan özümüzə qarşı nəinki neqativ, heç neqativə yaxın bir şey də görmədik.

Burada iki yanaşma var. Kimsə deyə bilər ki, "Düdelanj"ın "Qarabağ"a münasibəti görüntü idi, amma istəklərinə çatdılar.

Mən isə bununla razılaşıram ki, onların biziml bağlı hansısa təxribat törətmək fikirləri yox idi. Lüksemburq Avropanın mərkəzidir və yaxşı ki, biz ora əvvəlcədən getmişik. Luksemburqda Qarabağ həqiqətlərini təzə-təzə eşidirlər.

Avrokubok oyunları zamanı rəqiblərin rəhbərləri ilə görüşlərdə danışıqlarımızın əsasını bu təşkil edir. Torpaqlarımızın işğal edilməsi, 1 milyondan çox qaçqının olması, müharibənin sülh yoluyla həllini istəməyimiz hər dəfə deyilir.

Qarabağın Azərbaycan torpağı olmasını biz öz adımızla sübut edirik. Hansı ölkəyə gediriksə, həmin klubun azarkeşi kiminlə oynayacaqlarını öyrənir. "Qarabağ"ın qarşısında Azərbaycanın adı çəkilir və bunun özü dünyaya bir mesajdır.

Həm "Düdelanj", həm də onların idman naziri bizdən, Azərbaycan xalqından üzr istədi. Nazirin komandamızın paltardəyişmə otağında futbolçularla görüşünü, stadionda etdiyi çıxışı videoya çəkdik. Bunu özləri də bilirlər.

O çəkilişi etməyimiz vacib idi. İdman nazirinin ağzından bu sözlərin çıxmasının sübutu kimi. Əlimizdə 10 dəqiqəyə yaxın davam edən çəkiliş var. Onu oyunun UEFA nümayəndəsinə təqdim eləmişik, təşkilatçılıq və təhlükəsizliklə əlaqədar narazılığımızı bildirmişik.

Erməni təxribatçılarının dronu stadionun üzərində hərəkət elətdirməsinin də çəkilişi var. Yaxınlıqdakı tennis kortunun üstündə bu işi necə etdikləri açıq-aydın görünür. Demişik ki, ermənilər drona bomba və ya başqa partlayıcı maddə bağlayıb, futbolçularımızın üstünə yönəldə bilərdi.

Bu hadisə artıq UEFA-da böyük əks-səda yaradıb. UEFA Avropa Liqasında çıxış edən bütün klublara məktub yollayaraq, dron təhlükəsizliyinin təmin olunmasını tövsiyə edib.

Sualı belə qoyublar ki, dron və ona oxşar başqa təxribat xarakterli hadisələrin baş vermə təhlükəsi yaranarsa, qarşısını necə alacaqsız? Hər klub təşkilata ölkə adından məlumat verməlidir ki, biz bunun üçün nə iş görəcəyik. UEFA-nın verdiyi vaxt bir həftədir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA