Kipr mətbuatının yazdığına görə azarkeşlər APOEL-in təcrübəli oyunçusu Giorgos Merkisin "Qarabağ"a Bakıda qol vuracağı təqdirdə əsgər salamı verəcəyini gözləyir.
Məsələ ilə bağlı 35 yaşlı oyunçu Sportinfo.az-a açıqlama verib. O, Bakıdakı oyunda qol vuracağı təqdirdə "əsgər salamı" vermək haqda düşünmədiyini söyləyib: "Xeyr, bu düzgün deyil. Futbolu siyasətə qatmaq niyyətimiz yoxdur, ümumiyyətlə qatmaq da olmaz. Biz sadəcə, idmançıyıq, işimiz meydanda mübarizə aparmaqdır. Siyasətə qarışmaq fikrimiz isə qəti yoxdur. "Düdelanj" – "Qarabağ" matçında baş verən hadisədən xəbərim var. İnsanları üz-üzə qoymaları doğru deyil".
Merkis "Kiprdə ermənilər çoxdur və "Qarabağ"a qarşı erməni təxribatı təkrarlana bilərmi?" sualına isə bu cür cavab verib: “Bəli, Kiprdə ermənilər çoxdur. Amma polislər də çox olacaq və nəzarət edəcəklər hamıya. Ona görə də narahat olmağa dəyməz. Biz sadəcə meydanda futbol oynamaq istəyirik".
Təcrübəli futbolçu Avropa Liqasının 3 və 4-cü turlarında "Qarabağ"a qarşı keçirəcəkləri oyunlar barədə də anışıb: "Qarabağ" və APOEL eyni səviyyədə olan komandalardır. Təbii ki, hər iki matç çox çətin alınacaq. Fikrimcə, əsl finallıq oyunlar olacaq. Məncə, çox şey də "Qarabağ"la oyunlarda həll olunacaq".

