"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən APOEL aparıcı futbolçusu ilə vidalaşa bilər. Sportinfo.az-ın Kipr mətbuatına istinadən məlumatına görə, söhbət yarımmüdafiəçi Musa Tamaridən gedir.
Ötən il Kipr klubuna keçən İordaniya millisinin üzvünün çıxışı Avropa klublarının diqqətini cəlb edib. 22 yaşlı vingerə görə APOEL-in qapısını döyənlər var. Bunu klubun mətbuat xidmətinin rəhbəri Nektarios Petevinos da təsdiqləyib.
O, gənc futbolçunu saxlamaq istədiklərini, lakin Tamarisiz də zəifləməyəcəklərini söyləyib: "Musa komandaya çox tez uyğunlaşdı. Ona yalnız daha böyük liqalardan təklif gələrsə, buraxarıq. Tamari qısa müddətdə komandanın aparıcı simalarından birinə çevrildi. Ancaq bu o demək deyil ki, APOEL ondan asılıdır".
APOEL Avropa Liqasının qrup mərhələsində növbəti oyununu oktyabrın 24-də Bakıda "Qarabağ"a qarşı keçirəcək.

