Lüksemburqda təxribat törədən erməniyə Mxitaryan zəng edib - FAKTLAR

5 Oktyabr 2019 14:24 Avropa Liqası 1 398
Lüksemburqda təxribat törədən erməniyə Mxitaryan zəng edib -  FAKTLAR

Avropa Liqasının Lüksemburqda keçirilən "Düdelanj" - "Qarabağ" matçında törədilən məlum təxribatla əlaqəli yeni faktlar ortaya çıxıb.

Sportinfo.az xəbər verir ki, məsuliyyəti üzərinə götürən "Ultra-qrup birinci Ermənistan cəbhəsi"nin başçısı Spartak Adamyandır. O, Azərbaycanın işğal altında olan Şuşa şəhərindəndir. Adamyan artıq 22 ildir ki, Belçikada yaşayır. İxtisası mühasibdir. Ötən il Belçikada "Spartak Ermənistan" futzal klubunu yaradıb. Komandadakı oyunçuların yarısı erməni, digərləri isə Avropanın müxtəlif ölkələrindəndir.

Spartak "Qarabağ"ın oyunlarında ilk dəfə təxribata əl atmır. O, ötən mövsüm "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində Londonda "Arsenal"la keçirilmiş matçda meydana 1993-cü ildə öldürülmüş terrorçu Monte Melkonyanın şəkli olan köynəkdə və qondarma "Dağlıq Qarabağın" bayrağı ilə çıxmışdı. Təxribata görə, onun "Arsenal"ın stadiona girişi ömürlük qadağan olunub.

Erməni təxribatçısı əsas məqsədlərinin azərbaycanlıların qanını qaraltmaq olduğunu deyib: "Biz elə bu reaksiyaya da ümid edirdik. Stadionda hadisələr 180 dərəcə dəyişdi, azərbaycanlı azarkeşlər əsəbləşdi, meydanda qarışıqlıq yarandı. Elə bizim məqsədimiz də bu idi. Onlar sevinəndə keflərini pozmaq istəyirdik".

Adamyan Ermənistan Futbol Federasiyasına sanksiya tətbiq olunarsa, buna görə narahat olacağını deyib. O, "Qarabağ"ın "Arsenal"la oyununda meydana çıxdıqdan sonra sosial şəbəkələrdə minlərlə təhdid məktubu aldığını söyləyib:

"Londondakı oyundan sonra aeroportda olanda Mxitaryan mənə zəng vurdu. Əvvəlcə inanmadım, elə bildim dostlarımdan biri zarafat edir. Amma İngiltərə nömrəsini görəndən sonrə əmin oldum ki, bu, odur. Məlum səbəblərə görə şəxsi söhbətimiz barədə məlumat verə bilmərəm. Amma Mxitaryana jestinə görə təşəkkür edirəm".

Erməni təxribatçısı Xarici İşlər Nazirliyinin hələlik onu axtarmadığını da deyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA