Təxribata ən effektiv cavab

5 Oktyabr 2019 17:11 Avropa Liqası 681
Təxribata ən effektiv cavab

“Qarabağ”dan tutarlı cavab!

Bu oyunda "Qarabağ"ın heyətinə kapitan Rəşad Sadıqov qayıtdı. Qurbanov "Düdelanj"ın APOEL ilə matçda dəfələrlə asan şəkildə yardığı mərkəz xəttini qarışıq etmək üçün 4-1-2-2-1 taktikasına üstünlük verdi. Qara Qarayev Bədavi ilə Rəşada müdafiədə dəstək olmaqla yanaşı, eyni zamanda dağıdıcı işlə məşğul olmalı və öz komandasının hücumlarını başlamalı idi.

Bu işə Qarayevə mərkəzdə Almeyda ilə Miçel kömək etməli idi. Hücumda heç bir sürpriz olmadı və Zubirlə Dani Kintana Əmrəli ilə birlikdə hücum "üçlüy"ünü təşkil etdi.

"Düdelanj"ın çalıştırıcısı Bertrand Krasson isə APOEL ilə, xüsusilə ikinci hissədə əl atdığı cəsarətli 4-3-3 taktikasına üstünlük verdi ki, bu da adətən dərin müdafiə bloku olan 5-3-2 formasiyasında püxtələşmiş Lüksemburq çempionu üçün maraqlı gediş idi.

Matç əsasən eyni məcrada getdiyindən, oyunu əslində şərti olaraq iki hissəyə ayırmaq olar. Birinci hissəsi 72-ci dəqiqəyə kimi davam edən zaman kəsiyi idi ki, bu vaxt ərzində "Qarabağ" oyunun taleyini həll etmiş oldu. 72-ci dəqiqədə isə Qurbanov taktiki dəyişiklik edib klassik 4-4-2 formasiyasına keçdi ki, burada da əsas məqsəd oyuna nəzarəti əldə saxlayıb, rəqibi əks hücumlarda darmadağın etmək idi.

Qurbanov rəqibin ən universal oyunçusu olan Sinaniyə qarşı mükəmməl plan hazırladı. Bunun sayəsində Sinani ilə gah Miçel, gah da Maksim Medvedev məşğul olurdu və ədalət naminə qeyd edək ki, biz oyun ərzində alban əsilli yarımmüdafiəçinin "Qarabağ"ın mərkəz xəttinə təzyiq etdiyini görmədik. Sinani əsasən sol cinahdan təhlükəli anlar yaratmağa çalışsa da, heç nə ilə yadda qalmadı.

Digər cinahda isə oyunun əsas mübarizəsi gedirdi. Zubir həm Klapp, həm də Boşuarinin öhdəsindən mükəmməl şəkildə gəldi. Düzdür, bunda ona Almeyda ilə Əmrəli də topsuz hərəkətləri ilə yardım etdilər.

Oyunöncəsi analizdə qeyd etdiyimiz kimi, Lüksemburq çempionu əsasən xaotik oyuna üstünlük verir və sistematik pressinq edə bilmirdi. Sonuncu amil və fərdi pressinq zamanı komandanın buraxdığı kobud səhvlər matçın bizim üçün asan gəzintiyə çevrilməsinə səbəb oldu.

Qolların bu qədər rahatlıqla vurulmasında həm futbolçularımızın məharətli komanda oyunu, həm də rəqibin kobud səhvləri var idi. İlk qolda Qarayev mərkəzdən rahat şəkildə heç bir təzyiq olmadan Zubirə rahat pas atdı və burada "Düdelanj"ın qapıçısı Juberin də vaxtından tez yerə yıxılmağı bizim işimizə yaradı. Zubir özü də mərakeş əsilli fransız Boşuarini məharətlə neytrallaşdırdı.

İkinci qol "Qarabağ"ın rəqibə qarşı nə qədər yaxşı hazırlaşdığının bariz nümunəsidir. Juberdən topu alan Mario Pokarıyə Miçel pressinq edib topu mükəmməl fəndlə alır və bundan sonra həmyerlilərimiz rəqibin qapısı önündə dördə üç üstünlük əldə edirlər. Zubir Kintananı qısa pasla təchiz edir və sonuncu da rahat şəkildə boş mövqeyə açılan Miçelə qol pası atır. Əlbəttə, "Qarabağ" futbolcularına bunda haqqı vermək lazımdır, çünki onlar rəqibin səhvini effektiv şəkildə dəyərləndirmiş oldu.

APOEL ilə oyundan fəqrli olaraq, bu dəfə "Düdelanj"ın sistematik hücum cəhdləri heç bir nəticə vermədi. Bir dəfə Mendi qola yaxın oldu ki, o da, sistematik hücum dalğasının nəticəsində baş verdi. Digər epizodda Mendi 3 "Qarabağ" futbolcusunun təzyiqi altında cərimə meydançasının kənarından zərbə endirsə də, bundan artığına lüksemburqluların gücü çatmadı.

Burada yenə də rəqibə qarşı çox qarışıq və dinamik yarımmüdafiə ilə çıxmış Qubanova minnətdarlıq etmək lazımdır.

Üçüncü qol quruluşca birincini xatırlatdı. Bu dəfə Qarayevin uzun ötürmə rolunu Maksim ifa edirdi. Rəqibin mərkəz müdafiəçisi Maykl Garos Miçeli gözdən qaçırandan sonra daha bir səhv qərar qəbul edib qaydanı pozdu və Almeyda penalti epizodunda "Düdelanj"ın heyətində oyunun ən yaxşısı olan Juber ilə topu fərqli istiqamətlərə göndərdi.

Bundan bir neçə dəqiqə sonra Garos ikinci sarı vərəqə alıb meydandan qovuldu. Juberin mükəmməl oyunu olmasaydı, hesabın daha böyük olma ehtimalı var idi.

"Qarabağ"ın çalışdırıcısı oyuna həm də effektiv müdaxilə edə bildi. 4-cü qolun "memarı" məhz meydana sonradan daxil olan Slavçev oldu. Meydanın rəqibə aid olan hissəsində topu qazanan Slavçev topu Zubirə ötürdü ki, sonuncu da elastik daban pası ilə Kintananı qapıçı ilə üz-üzə qoydu. 10 nömrəmiz də fürsətdən maksimum yararlandı.

"Qarabağ" bəzi oyun epizodlarında xırda səhvlərə yol versə də, onların heç biri sistematik deyildi, həm də dünənki təxribat şəraitində futbolçularımızın texniki məğlubiyyət əvəzinə meydana qayıdıb, “Ararat”ın Avropa Liqasının qrup mərhələsi arzularının puç olduğu meydanda rahat qələbə qazanması edilmiş təxribata ən effektiv, tutarlı cavab idi.

Qarşıda isə Qurbanovun yetirmələrini prey-off uğrunda həlledici duel gözləyir. APOEL ilə iki oyunda həmyerlilərimiz xalları bölsə (iki heç-heçə və ya hərəyə bir qələbə), növbəti mərhələnin "açarı" bizim əlimizdə olacaq. Bu baxımdan, Kipr klubuna qarşı növbəti ev oyunu "Qarabağ" və ümumilikdə, futbolumuz üçün çox önəmli bir qarşılaşma olacaq.

Cavid David Zaidov
Londondan xüsusi olaraq Sportinfo.az üçün

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA