Avropa Liqasında çıxış edən futbolçuların reytinq cədvəli açıqlanıb.
Sportinfo.az xəbər verir ki, II turun dünən keçirilən oyunları “Fedeks” şirkətinin indekslərinə əsasən tərtib olunan cədvəldə ciddi dəyişikliklərlə nəticələnib.
Bu, Azərbaycan təmsilçilərinin mövqeyinə də təsir edib. Lüksemburqda “Düdelanj”ı 4:1 hesabı ilə məğlub edən ölkə çempionu “Qarabağ”ın futbolçuları siyahıda böyük irəliləyişə nail olublar.
Ağdam klubunun ən yaxşısı olan Dani Kintana 3316 xalla 23-cü pillədə qərarlaşıb. İspaniyalı yarımmüdafiəçinin izləyiciləri arasında 24-cü olan Pyer-Emerik Obameyanq, 26-cı yerdəki Bakayo Saka, 28-ci pillədəki Çiro İmmobile kimi ulduzlar da var.
O, “Qarabağ”ın “Top-100”dəki yeganə təmsilçisi deyil. 2439 xala malik Abdullah Zubir 69-cu sırada yer alıb. “Qarabağ”ın 3-cüsü olan Miçel 2031 xalla Avropa Liqasında 118-cidir.
İlk turun “Sevilya” ilə matçından sonra “Qarabağ”ın ən yaxşısı 466-cı yerdə olan İsmayıl İbrahimli idi.
Azərbaycan futbolçuları arasında ən yaxşı nəticə “Qarabağ”ın milliləşən legioneri Riçard Almeydaya məxsusdur. O, 1577 xalla 219-cudur. Qara Qarayev 718 xalla 486-cı, Mahir Emreli 684 xalla 499-cudur.
Siyahıda ilk pilləni 5237 xalı olan Donyel Malen (PSV) tutur. Bruno Fernandes (Sportinq) 4593 xalla 2-ci, Sergey Milinkoviç-Saviç (Latsio) 4452 xalla 3-cüdür.

