Paşinyan Moskvada aranı niyə qatmaq istədi?

28 May 2023 08:40 Araşdırma 344
Paşinyan Moskvada aranı niyə qatmaq istədi?

Moskva danışıqlarında hansısa sənədlər imzalanacağı ilə bağlı iddialar özünü doğrultmadı.

Optimistlər hətta mümkün sülh sazişi haqda da danışırdılar. "Kommersant" qəzeti isə öz mənbələrinə istinadən iddia edirdi ki, Moskvadakı üçtərəfli görüşdə ən azı iki sənəd imzalana bilər.

Onlardan biri baş nazirlərinin müavinləri tərəfindən hazırlanıb və regionda nəqliyyat kommunikasiyalarının blokadan çıxarılması haqqındadır.

Digər sənəd İlham Əliyev, Paşinyan və Putinin beşinci birgə bəyanatı olacaq. Belə ki, bəyanat üç ölkənin xarici işlər nazirlikləri tərəfindən hazırlanıb.

Paşinyana müxalif "Hraparak" qəzeti isə daha da irəli gedərək iddia edirdi ki, üçtərəfli görüşdə ərazi bütövlüyünün tanınması ilə bağlı sənəd imzalanacaq.

Başqalarını deyə bilmərəm, canlı yayımlanan Avrasiya İqtisadi Birliyinin iclasında Əliyev və Paşinyan arasında mövqe dartışmasından sonra mən yekunda heç bir sənəd imzalanmayacağına əmin idim.

Paşinyanın Əliyevin Ermənistana az dəxli olan çıxışından sonra özünü ortaya atması təsadüfi deyildi. Bunu Paşinyan bəlkə də əvvəldən planlaşdırmayıb, amma “replika vermək istəyirəm” deyib uduzacağı bəlli olan “mövqe döyüşünə” qoşulmasının arxasında əlbəttə ki, ciddi plan dayanırdı.

Paşinyanın adətən belə publik siyasi meydanlarda özünü ortaya, daha dəqiqi “oda atmaq” şakəri var. Hər dəfə Əliyevdən zərbə alsa da, ağıllanmır. Heç nə bacarmayan, gücü yetməyəcəyini bilsə də dava etməyə dartınan məhəllə uşağını xatırladan Paşinyan...Moskvadakı meydanda aralıqda qalmayacağına o qədər də arxayın görünmürdü əslində. Avrasiya Birliyindəki prezident həmkarlarını ürkək baxışlarla izləyirdi, hətta onlardan da “zərbə” gözləyirmiş kimi poz almışdı. Amma özünü ortaya atdı və planını həyata keçirməyə çalışdı.

Nəydi bu plan? Əvvəla, Paşinyan son açıqlamaları fonunda ölkəsində ciddi basqı altındadır, psixoloji olaraq da o halı ilə Moskvaya gəlmişdi, üzü gülmürdü, gərginlikdən hətta birgə foto çəkdirəndə ləngər vururdu. Paşinyan bu vəziyyətdən çıxmaq, ölkəsinin daxili auditoriyasında “reabilitasiya olmaq” niyyətində idi və bu səbəbdən “dilini dinc” qoymadı.

Öncə Azərbaycanın guya Ermənistana qarşı ərazi iddiası irəli sürdüyünü dedi. Amma sonra Laçın yolu ilə bağlı yalanları və “koridor”sözü ilə “yol”anlaşıyını əsaslandırmasını o qədər cılız düşümüşdü ki, Əliyevin cavabı gözlənildiyindən də r ağrılı oldu. Prezident "Ermənistana qarşı ərazi iddialarımızın olması barədə ittihamlar səsləndiyinə görə demək istəyirəm ki, bizim belə iddialarımız yoxdur. Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır. Mənim istifadə etdiyim “dəhliz” sözünə gəldikdə, o zaman mən bu kəlməni dəqiq olaraq “Şimal-Cənub” dəhlizinə münasibətdə də işlətmişəm, bu söz elə həmin dəqiqliklə “Şərq-Qərb” dəhlizinə münasibətdə də istifadə olunur. “Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər” dedi.

Prezident Əliyev erməni baş nazirin bu gərginliyi yaratmaqda məqsədini bildiyi üçün bunları da əlavə etdi: “Düşünürəm ki, bu tribunadan əsaslandırılmamış ittihamlar irəli sürmək üçün istifadə etmək lazım deyil”.

Paşinyanın bu gərginliyi yaratmaqda başqa bir məqsədi Putinin barışdırıcı missiyasını kölgəlmək cəhdi də vardı. Putini şantaj etmək cəhdləri də qabarıq göründü. Zəngəzur dəhlizinin açılmasına Rusiyanın da dəstək verdiyi haqda Əliyevin dediyinə dəhal Putindən mövqe bildirməyə cəhd etməsi cəsarətdən daha çox şantaj xarakteri daşıyırdı. Erməni baş nazirin Laçın yoluna və Qarabağa ermənilərinin vəziyyətini öyrənəcək beynəlxalq missiya göndərməyin vacibliyi haqda dedikləri də Rusiyaya qarşı gediş idi. Bu yeni təklif deyil, amma ilk dəfə idi ki, bunu bu cür tədbirdə səsləndirirdi. Bu əlbəttə ki, Paşinyan hakimiyyətinin Rusiyaya, onun sülhməramlılarının etimad göstərmədiklərinin diplomatik bəyanı idi.

Təcrübəli və hiyləgər Putin Paşinyanın niyyətini bir az gec başa düşdü, ya da bəlkə də onu iç üzünün açılmasına özü şərait yaratdı. Hər halda, nəhayət Əliyevdən müzakirələri dayandırmasını xahiş etdi. Paşinyan əlbəttə ki, nə istədiyi cavabı ala bildi, nə məqsədini gerçəkləşdirə... Əksinə, dediyinə peşman etdi onu Putin. Kobud yox, incitməyəcək tərzdə başa saldı ki, Paşinyanın qabartdığı məsələlər texniki xarakterlidir.

Sonrakı ikitərəfli görüşdə Putinin Paşinyana nə dediyi haqda müfəssəl bilgi yoxdur. Rusiya mediası Paşinyanla görüşdə Putinin köməkçisi Peskovun “sus” işarəsini göstərən barmaq jestini foto-yaddaşa köçürüb. Paşinyan Moskvada, daha dəqiqi Putinin əhatəsində olanda özünü rahat hiss etmir. Bu birmənalı belədir. Makronu görəndə “çiçəyi çırtlayır”, Şoltza gülür, Qərb liderləri ilə təmaslar ona daha xoşdur. Ya da özünü bu cür maskalayır, Putinə və onun ətrafındakı liderlərə üz-göz edir, Qərb liderlərinin isə üzünə gülür...

“Moskva görüşündə nə nəticə hasil oldu” soruşsanız, “Paşinyan Moskvanın sülh vasitəçiliyinə qarşı olduğunu göstərdi” deyərdim. İddia etmirəm ki, Moskva sülhün tezliklə imzalanmasını bizdən çox istəyir, amma Paşinyanın belə bir niyyəti yoxdur...Həm də Moskvada...

Nazim SABİROĞLU

Digər Xəbərlər
Xəbər Lenti