"Qızım bakirədi, buna adım kimi əminəm və sübut edəcəm"

14 May 2017 16:48 Ağır atletika 1 127
"Qızım bakirədi, buna adım kimi əminəm və sübut edəcəm"

Tofiq Heydərov Ağır Atletika Federasiyasında (AAAF) nəzarəti tam ələ keçirəndən sonra bu qurumda işlər qaydasına düşdü. AAAF-ın vitse-prezidenti və yığmanın böyük məşqçisi olan mütəxəssisin apardığı islahatlar alqışalayiqdi. İndi ağır atletikamız, necə deyərlər, küllərindən doğur. Əsas yığma üzvlərinin dopinqli çıxmasından sonra bu məsələyə ciddi önəm verən Heydərov dəfələrlə çıxışlarında qeyd edib ki, atletlərə yasaq preparatlardan istifadə edərək nəticə qazanmağa imkan verilməyəcək.

Heyətə “əl gəzdiriblib”, məşqçilər korpusu yenilənib. Nəticələr də yüksələn xətt üzrə inkişaf edir. Sportinfo.az xəbər verir ki, artıq bölgələrdə infrastrukturun qurulması yönündə, kütləviləşmə istiqamətində də nəzərəçarpan addımlar atılır. “Hər şey yoluna düşür” dediyimiz anda bugünlərdə ağır atletikada növbəti qalmaqal üzə çıxdı.

“Baku.ws” saytının iddiasına görə, Xumar Məmmədova hamilə olub və yığma məşqçilərindən bunu gizlədərək məşqlərdə iştirak edirmiş. Ağır çəkili atletin hətta 7-8 aylıq hamilə olduğu iddia edilir. Məmmədovanın şəxsi məşqçisi Kərim Kərimlidən hamilə qaldığı da söylənilir. Məlum səbəbdən Xumarın qadınlardan ibarət millimizdən uzaqlaşdırıldığı deyilir.

Bu məsələylə bağlı əvvəlcə AAAF-ın mətbuat katibi, qəzetimizin sabiq əməkdaşı Kənan Məstəliyevlə danışdıq: “Bu söhbət cəfəngiyyatdan başqa bir şey deyil. Artıq böhtan xarakterli yazı həmin saytdan yığışdırılıb. Federasiyada müəyyən şəxslərdən soruşmuşam. Xumarın hamilə olub-olmadığını bilmirəm. Onun yığmadan uzaqlaşdırılmasının səbəbi başqadı. Eyni çəkidə 2-3 nəfər olanda yarış ərəfəsində nəticələrini müqayisə edirik.

Belə qərara gəlindi ki, +90 kq-da Fidan Əbdürrəhmanovanın adı İslamiadada çıxış edəcək heyətə salınsın. Xumar, sadəcə, idman prinsiplərinə görə millidən kənarda qalıb. Onun Kərim Kərimlidən hamilə olduğunu iddia etmək absurddu. O məşqçinin 59 yaşı, 4 uşağı var. Özü də əməkdar məşqçidi. Kiminsə məşqçiylə şəxsi ədavəti nəticəsində bu böhtan ortaya atılıb. İdmançının, valideyninin, məşqçinin fikirlərini öyrənmədən belə yazı yazmaq doğru deyil. Tam ədavət prinsiplərinə əsaslanan yazı jurnalistika dəyərlərinə qətiyyən uyğun gəlmir” (Futbol+).

Daha sonra gənclərdən ibarət yığmamızı çalışdıran Kərim Kərimliylə əlaqə saxladıq. Mütəxəssisin ürəyi dolu idi: “Allaha and olsun, dünəndən başım partlayır. O qədər adam zəng edib ki. Bunu yazanın Allah evini yıxsın. Şər-böhtan yazıblar. Bu məsələni ortaya atanlar İslamiadaya, gördüyüm işə kölgə salmaq istəyənlərdi. Onların kim olduğunu bilmirəm. Bəlkə də kiminsə yerimdə gözü var.

Oyunlar başa çatsın, bu xəbəri yazanların redaksiyasına gedib haqq-hesab çəkəcəm. Dünəndən ailəm, uşağım bir-birinə qarışıb. Mən oğlanlarla işləyirəm. “AAAF Park”da hazırlıq keçirik. Qadınlar isə Şüvəlanda məşq edir. Onlarla heç bir əlaqəm yoxdu. Xumarın niyə yığmadan uzaqlaşdırıldığını, hamilə olub-olmadığını bilmirəm. Ancaq özü və anası bunu təkzib edib. O, mənim nəvəm yaşımdadı. Mənim 2 qızım, 2 oğlum var.

Belə hərəkət mənə yaraşmaz. Niyə adıma belə böhtan atırlar? Kimsə məni “vurmaq” istəyə bilər. Daha bu boyda şərəfsizlik etmək olmaz axı. Bu gün zəng edib, nə qədər adam mənə dəstək verib. Camaat məndən öyrənir tərbiyəni, qeyrəti. İndiyədək bu dövlətə, millətə nə qədər xidmət etmişəm. Kənddən nə qədər atlet yetişdirmişəm. Mərziyyə Məhərrəmovanı da mən yetişdirib, yığmaya qazandırmışam. Sabah yarışa çıxacaq. Bunu yazanları məhkəməyə verib, onlardan ömürboyu təzminat alacam”.

Mövzuyla bağlı Xumar və anası Sevinc Məmmədova apasport.az-a danışıb. Atletin anası bunları deyib: “Bu oyundu. Oyunu kimlərin təşkil etdiyini də yaxşı bilirəm. Mən qızıma inanıram. Onun hamilə olması ilə bağlı deyilənlər yalandı. O bakirədi, buna adım kimi əminəm və bunu sübut edəcəm. Yığmanın düşərgəsində Kərim Kərimli, Təranə Abbasova və Natalya Prişepaya göstərəcəm ki, qızım tərtəmizdi. Mən övladımdan şübhələnsəydim, onu evdən bayıra buraxmazdım. Bu məqsədlə yaxın günlərdə Bakıya gəlib, hər şeyə aydınlıq gətirəcəm. Mən onlara qızımın bakirə olduğunu sübut edəndən sonra qabağımda kim dayana biləcək?!”

Xumar da ona şər atıldığını söyləyib: “Mən hamilə deyiləm. Yığmadan kənarlaşdırılmağımın səbəbi zədə ilə bağlıdı. Biləyimdə zədə vardı. Hamilə olub-olmadığımı isə onlara sübut edəcəm. Bakirə qızam. Kərim müəllimlə münasibətim yalnız məşqçi-idmançı səviyyəsində olub. Mən bu işi belə buraxmayacam. Ayıbdı, vallah. Hamısı ağ yalandı”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti