Azərbaycan yığmasının triatlonçusu Rostislav Pevstov Çinin Çenqduda şəhərində keçirilən Dünya Kubokunda gümüş medal qazanıb. Sportinfo.az xəbər verir ki, idmançılar əvvəlcə yarımfinal mərhələsində mübarizə aparıblar. Burada 6-cı olan R.Pevtsov finala vəsiqə qazanıb.
Azərbaycan idmançısı finalda 400 metrlik su məsafəsini 4 dəqiqə 57 saniyəyə, 10 km velodistansiyanı isə 13 dəqiqə 39 saniyəyə qət edib. R.Pevtsov yarışın son mərhələsini – 2,5 kilometrlik qaçış zolağını 7 dəqiqə 2 saniyə nəticə ilə başa vurub.
O, ümumi hesablamada 26 dəqiqə 48 saniyə nəticə göstərərək ikinci yeri tutub. Cari mövsümdə Rostislav Pevtsov İspaniyanın Las-Palmas şəhərində keçirilmiş Avropa Kubokunun qalibi olub. O, həmçinin Rabat şəhərində təşkil olunan Açıq Afrika Kubokunda qızıl medal qazanıb.

