Türkiyəli sabiq ağır atlet Naim Süleymanoğlu ölkəsinin mətbuatına maraqlı açıqlamalar verib. Sportinfo.az xəbər verir ki, Süleymanoğlu son vaxtlar ağırlıqqaldırmada geniş yayılmış dopinq qalmaqalları barədə fikirlərini bildirib. Türkiyədən öncə doğulduğu Bolqarıstanın da şərəfini qorumuş sabiq atlet, dopinqin həmişə olduğunu deyib.
O, karyerası ərzində 3 dəfə olimpiya, 7 dəfə dünya, 2 dəfə isə Avropa çempionu olub: “Bolqarıstanda da, başqa ölkələrdə də dopinqə bulaşan bir çox idmançı tanımışam. Sonradan onların nə vəziyyətə düşdüklərini də görmüşəm. Mən Sidneydə, 33 yaşımda körpücük üzərinə çıxanda 0 nəticə göstərmək riskinə getdim, ancaq belə çirkin yollara baş vurmadım.
Lap şeytana uysam, dopinq qəbul etsəm belə, texnika səhv etmir. O nə ulduza, nə də çempiona baxır. Belə olacağı halda, bütün keçmişim, karyeram, medallarım ləkələnərdi. Ağlı başında olan idmançı uduzmağı qəbul edər, ancaq ləkələnməyi qəbul etməz.
Ümumiyyətlə, dopinq olmayan dövr yoxdu. Ad çəkib, kiminsə xətrinə dəymək istəmirəm, lakin dopinq bizim dövrümüzdə də var idi. Mən dərman qəbul edən idmançını dərhal tanıyıram. Belə deyək, onun nə qədər çalışdığını görürəm, özümün də. Mən ağırlıq altında əzilirdim, o isə birnəfəsə qaldırırdı”.

