Kosovanın paytaxtı Priştinada 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi davam edir. Sportinfo.az xəbər verir ki, yarışda 40-a yaxın ölkədən 305 atlet (175 oğlan və 130 qız) medallar uğrunda mübarizə aparır.
Əsas təmsilçilərimizdən Səbinə Əzimova körpücük üzərinə çıxıb. O, yaşı 17-ə qədər olan qız atletlərin 53 kq çəki dərəcəsindəki yarışına qatılıb.
Səbinə birdən qaldırma hərəkətində hər 3 yanaşmasını uğurla yerinə yetirib və 78 kq-la bu hərəkətdə 2-ci olub. Atletimiz təkanla qaldırma hərəkətində 96 kq çəkini ram edərək bu hərəkətdə də 2-ci yeri tutub.
Ümumi nəticə isə çox uğurlu olub. Toplam 174 kq (78+96) nəticə göstərən Səbinə Əzimova 53 kq çəki dərəcəsində bütün rəqiblərini qabaqlamağı bacarıb.
Bununla da, 17 yaşlı atlet Landskrona və Novı Tomısldakı qızıl medalların sırasına Priştinadakı qələbəni də əlavə edib. O, artıq Avropa birinciliyinin 3 qat qalibidi.

