Rusiyanın Velikiy Novqorod şəhərində akrobatika gimnastikası üzrə beynəlxalq “Zolotov Cup” turniri keçirilib.
Sportinfo.az xəbər verir ki, yarışda iştirak edən Azərbaycan milli komandası 3 medal qazanıb. Qızıl medalı 11 - 16 yaş qrupunda yer alan kişilərdən ibarət Murad Rəfiyev - Daniel Abbasov cütlüyü əldə edib. Onların kompozisiyalarını hakimlər ən yüksək xalla (83.400 xal) qiymətləndiriblər.
13 - 19 yaş qrupunda çıxış edən Ruhidil Qurbanlı - Abdulla Əl Məşayxidən ibarət qarışıq cütlük (85.450 xal) yalnız Almaniya komandasından geri qalaraq, gümüş medal qazanıb. Eyni yaş qrupundakı Nurcan Cabbarlı - Ağasif Rəhimov cütlüyü 4-cü yerdə qərarlaşıb.
Daha bir medala qadınlardan ibarət qrup yiyələnib. 12 - 19 yaş kateqoriyasında çıxış edən Emiliya Nəzərli, Ləman Məmmədova və Raziyə Seyidlinin çıxışları da gümüş medalla qiymətləndirilib.

