Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) 1 ildən 2 ilədək diskvalifikasiya oluna bilər. Sportinfo.az xəbər verir ki, bu barədə "report"a Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) baş direktoru Şəfəq Hüseynli məlumat verib.
Onun sözlərinə görə, milli komandanın ən azı 5 ağırlıqqaldıranının dopinq-testdən keçə bilməməsi səbəbindən AAAF-a cəza gələcəyi gözlənilir.
Azərbaycanla yanaşı, daha 8 ölkənin məsələsinə 11-12 sentyabrda Macarıstanın paytaxtı Budepeştdə xüsusi komissiyanın iclasında baxıldıqdan sonra Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) İcraedici Şurası 30 sentyabr - 1 oktyabrda qərarını açıqlayacaq.
Ş.Hüseynli hazırda 1 illik cəzalanma məsələsinin müzakirə olunduğunu bildirib. O, AAAF-ın son zamanlar ağırlıqqaldıranların dopinqdən uzaq olmaları üçün böyük işlər gördüyünü söyləyib: "Ümid edirik ki, bunları nəzərə alaraq, Azərbaycana güzəşt ediləcək".
Sanksiya tətbiq olunsa, Azərbaycan ağırlıqqaldırma yığması 27 noyabr - 5 dekabrda ABŞ-ın Anahaym şəhərində keçiriləcək dünya çempionatına qatılmayacaq. Cəzalandırılacağı gözlənilən digər ölkələr Rusiya, Qazaxıstan, Ermənistan, Belarus, Moldova, Ukrayna, Türkiyə və Çindir.

