O, 1985-ci ildə gənclər arasında SSRİ çempionu, bir il sonra isə Avropa çempionu adını qazanıb. Ardınca da dünya 3-cülüyünü… 1987-ci ildə də gənclər arasında Avropa çempionu olub. Sonrasa dünya 2-cisi…
Daha sonra gənclər arasındakı dünya çempionatının qızıl medalına layiq görülüb… 1989-cu ildə böyüklər arasında dünya və Avropa çempionluğu… 90-cı ildə dünya çempionatına Türkiyə adından qatılıb və qələbə qazanıb. 91-ci ildə də Avropa çempionu olub. Bir sözlə, titullarını sadaladıqca bitmir Hafiz Süleymanovun.
Qadın yığmamızın sabiq böyük məşqçisi bundan sonra Türkiyədə fəaliyyət göstərəcək. Buna səbəb isə Azərbaycan Ağır Atletika Federasiyasında baş verən özbaşınalıqlardı. Sportinfo.az xəbər verir ki, bunu açıqlamasında Hafiz bəyin özü deyib:
“Millidən ayrılmağıma səbəb federasiyadakı özbaşınalıqlardı. Ordakıların heç biri məşqçi deyillər, ali savadları da yoxdu. Elə gəlin, qadınlardan ibarət millidən başlayaq. Gedib Moldovadan Nataliya Prişepanı gətirdilər; guya mənim köməkçim olacaqdı. Hər şeyi qatdılar bir-birinə.
Böyüklərdə Elnur Hüseynov adlı köməkçi məşqçi var. Adam “AAAF Park”da “karusel”ə nəzarətçi işləyirdi. İslam Oyunlarında yığmanın məşqçiləri bir dənə də olsun, medal gətirmədilər. İslamiadada bürünc medal qazanan Rövşən Fətullayevi 3 ay mən hazırlaşdırmışdım. İslam Oyunlarının qalibi Anastasiya İbrahimlinin də şəxsi məşqçisi olmuşam. Ağır Atletika Federasiyası “bardak”dı…”. (yenicag.az)
Süleymanovun sözlərinə görə, Ağır Atletika Federasiyasında idarəetmə yüksək səviyyədə deyil: “İdmançını qovuram, bunlar geri qaytarırlar. Belə vəziyyətdə məşqçi pis olur. Federasiya prezidenti Cahangir Əsgərovun bu işə aidiyyatı yoxdu. İdarə edənlər hər şeyin başını buraxıblar.
Bu gün yeniyetmələrdə Taleh Hüseynov adlı məşqçi işləyir. Bu adam taksi sürücüsü idi. Nə oxuyub, nə də savadı var. Nizam Rufullayev da həmçinin… Yığmada işləyən məşqçilərin 90 faizinin ali savadı yoxdu. Bu gün ali savadı olmayan dünyanın heç bir yerində məşqçi işləyə bilməz.
Məsələn, böyüklərdə Elnur Hüseynov məşqçi işləyir. Bu adam idmançı kimi heç nə olub. Heç ali savadı da yoxdu. Bu, necə olur? Vallah, adama gülərlər. Nataliya sıradan bir idmançı olub. Amma ayda 2 min manat maaş alır. İdmançı kimi cəmi bir dəfə Avropa 3-cüsü olub. Bu adam nə öyrədə bilər axı?”
Hafiz bəy açıqlamasında Türkiyədə görəcəyi işlərdən də danışıb: “Türkiyədə idmançılara hörmət var. Dünən qardaş ölkənin gənclər və idman naziri Osman Aşkın Bakla görüşdüm. Türkiyədə ağır atletika klubu yaratdım. Özüm də idman mütəxəssisiyəm. Bir sözlə, mənə qapılar açıqdı. Amma biz öz millətimizə hörmət etmirik.
Mən intizamı, dürüstlüyü sevən biriyəm. Digər ölkələrdə qızıl medal qazanan idmançılar var. Noyabrda dünya çempionatı keçiriləcək, amma ora aparacaq idmançımız yoxdu. Rövşən Fətullayevdi, o da ki, 31 yaşı var. Fakt odu ki, idmançılar yetişmir. Bunun səbəbi də işlərin düzgün qurulmaması, məşqçilərin doğru seçilməməsidi”.

