"Kəpəz"ə pul buraxan adam medal qazananlardan faiz tutur?!

30 May 2017 10:48 Ağır atletika 839
"Kəpəz"ə pul buraxan adam medal qazananlardan faiz tutur?!

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları başa çatsa da, üzgüçülükdə uğur qazanan idmançılar və məşqçilər hələ də Milli Olimpiya Komitəsi tərəfindən veriləcək pul mükafatını gözləyirlər. Sportinfo.az xəbər verir ki, yenicag.az-a bu barədə İslamiadanın iştirakçıları məlumat veriblər.

Əldə etdiyimiz məlumata görə, MOK tərəfindən mükafatın nə vaxt veriləcəyi ilə bağlı hələlik dəqiq bir söz də deyilmir. Bundan başqa, millət vəkili, "Kəpəz"in sabiq himayədarı Xanlar Fətiyevin prezidenti olduğu Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən medal qazanan təmsilçilərimizdən faiz də tutulacaq.

Bunun nə faizi olduğunu dəqiqləşdirmək məqsədi ilə federasiyanın baş katibi Fərid Bananyarlı ilə əlaqə saxladıq. “Nömrəmi haradan əldə etmisiz?” sualı ilə bizi təəccübləndirən federasiya rəsmisi məlumatı təkzib etdi: “Mən sizin etibarlı mənbənizi bilmirəm. Mükafatların hamısı verilib. Nə faiz? Onu kim deyir? Yalan söhbətdir”.

Təbii ki, federasiya rəsmisinin qurum haqqında yayılan xoşagəlməz xəbəri təsdiq edəcəyini gözləmirdik. Amma düşünməkdə fayda var – idmançılar və məşqçilər mükafatını alıbsa, niyə and-amanla “almamışıq, hələ də gözlədirlər” desinlər ki?

Maraq üçün onu da bildirək ki, 2012-ci ildən Xanlar Fətiyevin prezidenti olduğu federasiyanın hələ də rəsmi saytı yoxdu. Görünür, Fətiyevin işləri o qədər çoxdu ki, 5 il ərzində bir rəsmi saytın yaradılması ilə bağlı göstəriş verməyə vaxt tapmayıb. Fətiyev eyni zamanda Gəncə Avtomobil zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədridi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti