««Araz Saatlı» appelyasiya şikayəti edib.
Son iki mövsümdə II Liqada mübarizə aparmış klub AFFA İntizam Komitəsinin onunla bağlı qərarından narazıdır.
Söhbət 27-ci turda keçirilmiş «Kür-Araz»la görüşün nəticəsindən gedir. Belə ki, İmişlidə təşkil olunan oyun yarımçıq dayandırılıb.
«Kür-Araz»ın 3:0 hesabıyla öndə olduğu vaxt iki komanda arasında kütləvi dava düşüb. Olaya yerli azarkeşlər də qarışıb. Fanatlar tribunadan meydançaya enərək, qonaq futbolçulara əl qaldırıb.
Döyülən oyunçular aranın sakitləşməsini və final fitinin səsləndirilməsini gözləmədən paltardəyişmə otağının yolunu tutub, bir də geri qayıtmayıb.
İntizam Komitəsi hadisəyə hüquqi qiymət olaraq hər iki komandaya texniki məğlubiyyət verib. Bu isə o deməkdir ki, «Araz Saatlı» 23 xalla II Liqanı tərk etməlidir.
Aran təmsilçisi Region Liqasına yuvarlanmaqla barışmaq istəmədiyindən, Apellyasiya Arbitraj Tribunalının qapısını döyüb.
Məqsəd İntizam Komitəsinin qərarına yenidən baxılması, onlara texniki qələbənin verilməsidir. Klub bunun üçün Tribunala müəyyən faktlar (qalmaqala aid video görüntülər) təqdim edib.
SPORTİNFO.AZ

