“Turan Tovuz”un hücumçusu Belajdi Pusi Sportinfo.az-a müsahibə verib.
Albaniyalı legioner komandasının iki gün davam edən “Araz-Naxçıvan”la görüşü barədə sualları cavablandırıb.
- “Araz-Naxçıvan” üzərindəki 3:1 hesablı qələbədən sonra istirahətə yəqin ki, xoş əhval-ruhiyyədə yollanırsan.
- Təbii, bu qələbə bizə fasilə dönəmini yaxşı ab-havada keçirmək imkanı yaratdı. Hər qələbənin öz ləzzəti var. Amma bu cür əzmkar qalibiyyət həqiqətən zövq verir.
- Məlum səbəbdən oyun yarımçıq dayandırılmışdı. Maraqlıdır, matçın qalan hissəsinə necə hazırlaşdınız?
- Xüsusi bir şey etmədik. Yarımçıq qalan oyunun davamını gətirməliydik. Bizdən tələb olunan yerdə qalan 10-15 dəqiqədə müdafiədə son dərəcədə diqqətli davranmaq idi. Bilirdik ki, əks-hücum imkanlarımız olacaq. Ələ düşən şanslardan maksimum yararlanmalıydıq.
- Bəs, psixoloji baxımdan hazır olmaq üçün nə etdiniz? Yarımçıq qalan oyunun davamı, üstəlik, oyunun başlama saatı səhərlə günortanın arasında – saat 12-də.
- Gizlətmirəm, çox çətin idi. Hamı oyundan sonra hava limanına yollanmağı planlaşdırmışdı. Və belə vəziyyətdə.... Səhər 12-də oynamaq da asan deyil. Ancaq bu, işimizdir, istədik-istəmədik oynamağa məcbur idik.
- İşıq dirəyinin aşma anı hələ də gözlərinin önündədir?
- Əlbəttə. Oyuna yenicə daxil olmuşdum, hardasa 5 dəqiqə əvvəl. Dirəyin aşması həqiqətən dəhşətli idi. Ən çox sevindiyim bu hadisədə heç kimin xəsarət almaması oldu. Oyun yarımçıq qaldı, ertəsi yenidən meydana çıxdıq – bunlar həll olunacaq məsələlərdir. Amma həmin anda orada kimsə olsaydı... Bunu təsəvvür belə etmək istəmirəm.
- Vətənin Albaniyadan çox zəng gəldi?
- Ailə üzlərim, yaxın dostlarım dərhal zəng edib, yazıb maraqlandılar. Hadisənin necə və nə üçün baş verməsi onlar üçün maraqlı idi. Başa saldım ki, narahatlığa gərək yoxdur, adi hadisədir, faciə baş verməyib. Əsas odur, heç kim xəsarət almayıb, tələfat yoxdur.
- Yəqin ki, heç vaxt unutmayacağın olay idi. İllər keçsə də, xatırlayacaqsan.
- Bu cür hadisələr yaddan çıxmır. Məncə, heç kim unutmayacaq. Bəlkə də əsrdə bir dəfə baş verə biləcək hadisədir. Amma bunu daim beyində saxlamağın da mənası yoxdur.
HƏBİB

