TOKİO-2020: Kubalı, indoneziyalı və Məmmədəli bir bayraq altında

27 İyul 2021 20:20 Tokio-2020 832
TOKİO-2020: Kubalı, indoneziyalı və Məmmədəli bir bayraq altında

Sabah - iyulun 28-də Tokionun yarış meydanlarında Azərbaycanın 3 təmsilçisi mübarizə aparacaq.

Badmintonda ölkəmizi təmsil edən indoneziyalı legioner Edi Reski Dviçahyo L qrupunda 2-ci görüşünə çıxacaq. Qrup liderliyi uğrunda qarşılaşmada badmintonçumuz danimarkalı Anders Antonsenlə üz-üzə gələcək.

Hər iki badmintonçu qrupdakı ilk görüşlərində Vyetnam təmsilçisi Tyen Min Nquyenə qalib gəlib. Badmintonçumuzun Anders Antonsenlə görüşü Bakı vaxtı ilə təxminən 15:00-15:20 radələrində başlayacaq.

Cüdoda sabah 90 kq çəki dərəcəsində medalların taleyinə aydınlıq gələcək. Bu kateqoriyada çıxış edən idmançımız Məmmədəli Mehdiyev püşkə görə ilkin mərhələdən azaddır. Deməli, 2-ci mərhələyə idmançımız rəqibindən daha gümrah, enerjili çıxacaq. Mehdiyev bu üstünlükdən istifadə edə biləcək, yoxsa, Murad Fətiyev kimi uduzacaq, bunu sabah biləcəyik.

Boksda isə kubalı legioner Alfonso Dominges rinqə çıxacaq. 81 kq çəkidə döyüşən legioner boksçu püşkə görə ilkin mərhələdən azad idi və mübarizəyə birbaşa 1\8 finaldan başlayacaq. Domingesin bu mərhələdə rəqibi 22 yaşlı özbək boksçusu Dilşodbek Ruzmetov olacaq.

Gənc olmasına baxmayaraq Ruzmetov artıq ilk titullarını qazanıb. 2019-cu ildə o, 20 yaşında böyüklər arasında dünya ikincisi olub.

Bu ilin mayında isə Asiya çempionu adını qazanıb. Kubalı boksçumuz Ruzmetovu məğlub edərsə,ondan sonra azı bürünc medal qazanmaq üçün bir qələbə qazanması kifayət edəcək.

Boksda 3-cü yer uğrunda döyüş olmadığından yarımfinalda uduzan hər iki idmançı bürünc medalla mükafatlandırılır. Görək, ilkin mərhələdən azad olan Alfonso Dominges püşkün onun üçün qısaltdığı "medal yolunu" sonadək gedə biləcəkmi?

Xatırladaq ki, artıq 17 idmançımız çıxışını başa vurub. Onlar arasında ən yaxşı nəticəni 5-ci yeri tutan cüdoçu Rüstəm Orucov göstərib.

SPORTİNFO.AZ

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda