Günün yekunu: Bayraqdarlar bayrağı qaldıra bilmədi

26 İyul 2021 16:00 Tokio-2020 613
Günün yekunu: Bayraqdarlar bayrağı qaldıra bilmədi

Tokio Olimpiadasının 3-cü günü də bizim üçün uğursuz yekunlaşdı..

Bu gün mübarizəyə qoşulan 6 idmançımızın hamısı azarkeşlərə məyusluq yaşatdı. Onların arasında olimpiadanın açılış mərasimində milli komandamızın bayraqdarları olmuş Fəridə Əzizova ilə Rüstəm Orucov da var.

Rüstəm medalın bir addımlığında dayandı. İki asiyalıya - yapon və koreyalı cüdoçulara məğlubiyyət Orucovu əvvəlcə finaldan, daha sonra bürünc medaldan etdi.

73 kq çəki dərəcəsində dünya reytinqində 2-ci olsa da, olimpiadada Rüstəm yalnız 5-ci ola bildi. Bu isə hələki Azərbaycan idmançılarının Tokioda göstərdiyi ən yaxşı nəticədir. Halbuki Rüstəm Orucov 5 il əvvəlki Rio Olimpiadasını gümüş medalla başa vurmuşdu.

Komandamızın digər bayraqdarı, taekvondoçu Fəridə Əzizova da açılış mərasimində qaldırdığı üçrəngli bayrağı yarış zalında yüksəldə bilmədi. Elə ilk görüşdə uduzaraq olimpiada ilə vidalaşdı. Özü də kimə, ötən Olimpiya Oyunlarında qalib gəldiyi ABŞ taekvondoçusuna.

Əsas medal ümidlərimizdən sayılan digər taekvondoçu Milad Beyqi Herçeqaninin çıxışı da fiasko oldu. İranlı legionerə finala çıxmaq üçün 3 qələbə kifayət idi, o isə yalnız birini qazana bildi.

1\8 finalda Çin Taypeyindən olan rəqibinə qalib gələn taekvondoçumuz 1\4-də Özbəkistan təmsilçisinə məğlub oldu. Yarımfinalda özbək idmançısı uduzduğundan Milad Beyqi Herçeqani bürünc medal uğrunda təsəlliverici görüşülərə qatılmaq şansını da itirdi.

Qılıncoynadanımız Anna Başta ilk görüşdə ABŞ təmsilçisinə qalib gəlsə də, növbəti mərhələdə Rusiya sablyaçısına ududzaraq Tokio-2020-lə vidalaşdı.

51 iştirakçı arasında 41-ci yeri tutan triatlonçu Rostislav Pevtsovdan onsuz da yüksək nəticə gözlənilmirdi. Eləcə də həm idmançı, həm də federasiyanın baş katibi olan stend atıcısı Emin Cəfərovdan.

Beləliklə, Tokio Olimpiadasında çıxışını başa vuran idmançılarımızın sayı 16-ya çatdı. Medal isə hələ də yoxdur.

İlkin Fikrətoğlu

Xəbər Lenti