Sabah - iyulun 26-da Tokio Olimpiadasında Azərbaycanın 6 idmançısı mübarizə aparacaq. Onlardan üçü əsas medal ümidlərimizdəndir.
Söhbət olimpiya komandamızın bayraqdarları - cüdoçu Rüstəm Orucovla taekvandoçu Fəridə Əzizovadan, habelə, iranlı legionerimiz Milad Beyqi Herçeqanidən gedir.
73 çəki dərəcəsində güləşən Rüstəmin ilk rəqibi dəfələrlə qarşılaşdığı rusiyalı Musa Moquşkov olacaq. Qarşılaşma Bakı vaxtı ilə təxminən səhər 06:00-06:30 arası başlayacaq.
Cüdoçumuzun 33 yaşlı inquş əsilli rəqibi 3 dəfə dünya, o qədər də Avropa çempionatının bürünc medalını qazanıb. 2 il əvvəl Minskdə keçirilən sonuncu Avropa Oyunlarının qalibi olub. London-2012 Olimpiya Oyunlarında 1\16 finalda Azərbaycan cüdoçusu Tərlan Kərimova uduzub.
Rüstəm Orucov isə titullarına görə Musa Moquşkovu çox üstələyir. Cüdoçumuz Riodakı son Olimpiya Oyunlarında yalnız finalda uduzaraq gümüş medal qazanıb. 2016-cı ilin Avropa çempionudur. Karyerası boyu dünya çempionatının 2 gümüş, Avropa çempionatının isə 2 bürünc, 1 gümüş medalına layiq görülüb.
Musa Moquşkova indiyədək bir neçə dəfə qalib gələn Rüstəm sonuncu dəfə onu 10 ay əvvəl Budapeşt Qran-Prisində məğlub edib. Sabahkı qarşılaşmanın da favoriti məhz Azərbaycan cüdoçusu sayılır.
Olimpiya komandamızın digər bayraqdarı - taekvandoçu Fəridə Əzizova (67 kq) 3-cü dəfə Yay Olimpiya Oyunlarına qatılır. London-2012-də elə ilk döyüşdə uduzan Fəridə Rio-2016-da bürünc medal uğrunda qarşılaşmada uduzaraq 4-cü yeri tutmuşdu.
Taleyin işinə bax, Rioda olduğu kimi, bu Olimpiadada da Əzizovanın ilk rəqibi ABŞ təmsilçisi Peyc Makferson olacaq.
5 il əvvəl Makfersona gərgin mübarizənin yekununda 6:5 qalib gələn taekvandoçumuz görək, eyni uğuru Tokioda da təkrarlaya biləcəkmi? Qarşılaşma Bakı vaxtı ilə səhər 05:30-da başlayacaq.
Kişi taekvandoçuların yarışında ölkəmizi təmsil edən iranlı legioner Milad Beyqi Herçeqaninin (80 kq) Tokioda medal qazanacağına ümid çoxdur. Dünya (2017,2019) və Avropa çempionluqlarını (2016) qazanan isfahanlı idmançımız Avropa Oyunları (2015), İslam Həmrəylik Oyunları (2017) və Tələbələrin Dünya Universiadasının (2017) qalibidir.
Rio Olimpiadasından bürünc medalla qayıdan Milad Beyqi Herçeqaninin karyerasında çatışmayan yeganə titul olimpiya çempionluğudur. Taekvandoçumuzun Tokioda ilk döyüşü Çin Taypeyindən olan idmançı Lui Vei0Tinqə qarşı olacaq. Döyüş bizim vaxtla təxminən səhər 07:15-də başlayacaq.
Adıçəkilənlərdən başqa sabah triatlon növündəki təmsilçimiz Rostislav Pevtsov, qılıncoynadan Anna Başta və stend atıcısı Emin Cəfərov da yarış meydanında olacaq.
SPORTİNFO.AZ