Bakıdakı evində əyləşib, "İpək Yolu"ndan 2500 avo qazandı

29 May 2020 16:14 Şahmat 753
Bakıdakı evində əyləşib,  "İpək Yolu"ndan 2500 avo qazandı

28 May - Azərbaycanın Respublika Günü, 26 May - Gürcüstanın Müstəqillik Gününə həsr edilən blits şahmat üzrə internet üzərindən “İpək Yolu Kuboku” turnirinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son tura qədər liderlik edən Gürcüstan şahmatçısı Bahadur Cobava yekunda Azərbaycan təmsilçisi Aydın Süleymanlı ilə oyunda heç-heçə edib və birinci pilləylə vidalaşıb.

Rauf Məmmədov isə 15-ci turda Nika Volkovu məğlub etməklə “İpək Yolu Kuboku”nun qalibi olub. 55 şahmatçının (ümumilikdə 33 qrossmeyster) iştirak etdiyi turnirdə 11,5 xal toplayan Azərbaycan təmsilçisi Rauf Məmmədov turnirin qalibi adını qazanıb.

Qalibdən yarım xal geri qalan Gürcüstan şahmatçısı Bahadur Cobava ikinci yerlə kifayətlənib. Nicat Abasov (Azərbaycan) 10,5 xalla üçüncü olub.

Hərəyə 10 xal toplayan Vüqar Rəsulov 4-cü, Şəhriyar Məmmədyarov 5-ci, Giqa Quparadze (Gürcüstan) 6-cı yeri tutub. Liderlərə qarşı inamlı mübarizəylə yadda qalan şahmatçı Aydın Süleymanlı 9,5 xalla yarışı 7-ci pillədə başa vurub.

Bununla A.Süleymanlı 16 yaşlı iştirakçılar arasında ən yüksək nəticəni göstərib. Eyni xala malik Levan Pantsulaya (9,5 xal; Gürcüstan) və Nicat Məmmədov (9,5 xal; Azərbaycan) müvafiq olaraq 8-9-cu yerləri bölüşdürüb. İlk onluqda sonuncu yer 9 xala malik Vasif Durarbəylidədir.

16 yaşlı iştirakçılar arasında Aydın Süleymanlıdan sonra ən yüksək nəticə 8 xal toplayan Əhməd Əhmədzadəylə (22-ci yer) 7,5 xala malik Xəzər Babazadəyə (26-cı yer) aiddir.

Qadınlar arasında ən yüksək nəticəni Nana Dzaqnidze göstərib. Gürcüstan şahmatçısı 8 xalla 20-ci yeri tutub. Eyni xala malik Meri Arabidze 25-ci sırada qərarlaşıb. Azərbaycan şahmatçısı Günay Məmmədzadə 7,5 xalla yarışı 28-ci yerdə bitirib.

Yarışın ümumi mükafat fondu 20 min avro təşkil edib. Turnirin qalibi 2500 avro qazanıb. Bununla yanaşı, qadınlar və 16 yaşadək iştirakçılar arasında ən yüksək nəticəni göstərən şahmatçılar pul mükafatına layiq görülüb.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF), Gürcüstan Şahmat Federasiyası (GŞF), eləcə də SOCAR-ın təşkilatçılığı ilə keçirilən İpək Yolu Kubokunun təşəbbüskarı Beynəlxalq Şahmat Federasiyasının (FİDE) vitse-prezidenti Mahir Məmmədovdur.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!