Erməniyə şahmatda da cəhənnəmdir

5 Yanvar 2021 10:40 Şahmat 626
Erməniyə şahmatda da cəhənnəmdir

Uca millətimiz yeni ilin ilk günlərində yenə də manıslardan birinin yolka ağacının başında dəlicəsinə, çılğıncasına, görməmişcəsinə, sanki dünyanın ən son günüymüş kimi rəqs etməsini qınayır.

Nəinki qınayır, hətta yaylım atəşinə tutub. Mən şəxsən o atəşə qoşulanlardan olmayacam.

Doğrudur, şəhid analarının fəryad səslərinin göylərə bülənd olduğu günlərdə bir manısın nümayişkaranə şəkildə öz rəqsini sosial şəbəkədə paylaşması mənim də əsəbimə toxundu. Amma mən bu manıs tayfasına (böyük bir qisminə) xüsusi məna, dəyər yükləməyin, onlarla bağlı gözləntiləri pik həddə tutmağın tərəfdarı deyiləm. Adı üstündə - mahnı oxuyan, əylənən, əyləndirən… Onlar alimin əvəzinə atom parçalayan, həkimin əvəzinə xəstə müalicə edən, əsgərin əvəzinə döyüşən deyillər. Hərəsinin öz missiyası var. Üstəgəl, iki gün əvvələ qədər atəşfəşanlıq edənlərin hamısı manıslar, şou biznesçilər deyildi ki… Sizin, mənim, onun kimi sıradan vətəndaşlar idi. Yəni, bütün dərdləri, problemləri sıfırlamışıq kimi, manıs üzərinə hücuma keçəcək durumda deyilik, açıqcası.

Amma müğənni dedim, yadıma düşdü. O gün jurnalist Xatirə Sərdarqızıdan aldığım müsahibədə bir məqam diqqətimi çəkdi. Demək, əslən Şuşadan olan həmkarımız Şuşaya səfəri zamanı orda müğənniləri də görüb. Yanlarına yaxınlaşıb, “Şuşamıza xoş gəlmisiz” deyib hamısına. İçlərindən biri türklər demiş, “trip atıb” ki, bəs Şuşa niyə sizin olur ki, Şuşa hamımızındır. Bunu deyib və əsəbi şəkildə maşına minib gedib. Lətifə kimidir, amma yaşanıb. Yəni, vətən, vətənpərvərlik kimi mövzuları şou biznes davaları, söz atışmaları, “şok, şok, şok” başlıqlı xəbər hesab edənlərdən daha artıq nə gözləmək olar axı? Hə, o, başqa söhbətin mövzusudur ki, Qarabağ üçün, Şuşa üçün burnunun ucu göynəyənlər, kitab-kitab yazı yazanlar, xatirəsi olanlar qalıb qıraqda, amma “harda aş, orda baş” olanlar bu səfərdə ilk siyahıda olublar… Bunu o səfərlərin təşkilatçıları düşünsün, amma biz müğənnilər barədə çox düşünməyək, onların kaprizi, əyləncəsi, düşüncəsizlikləri bu dəqiqə bizi ən axırıncı maraqlandıran mövzu olsun, bir zəhmət…

Bəs nə ilə maraqlanaq? Bu dəqiqə bizi sevindirən xəbərlərdən biri də odur ki, Qarabağdakı ermənilər sənədlər hazırlayır, xarici dilləri öyrənir və pandemiya üzündən bağlanmış sərhədlərin açılmasını gözləyirlər. Bunu Rusiya mediası yazır. Qeyd edilir ki, Azərbaycan torpaqlarında yaşayan, eləcə də 44 günlük savaşdan sonra Rusiya sülhməramlılarının himayəsi ilə Qarabağa qaytarılmış ermənilər sosial şəbəkələrin erməni seqmentində belə yazır. “2021-ci ilin yazına qədər Qarabağ müstəqil bir dövlət statusu almayacağı, Ermənistana və ya Rusiyaya birləşməyəcəyi təqdirdə biz buradan gedəcəyik”- bunu da onlar bildirir. Şərhlərdən bəlli olur ki, bəzilərinin getməsinə separatçı-terrorçu xuntanın “təhlükəsizlik şurası”nın rəhbəri V. Balasanyanın “Azərbaycanla yeni bir müharibə üçün silahlı qüvvələr yaratmaq planı” və Qarabağda alkoqollu içkilər və narkotik maddələrin istifadəsinə qarşı mübarizə niyyəti təkan verib. Nə deyək? Betər olsunlar! Nəhayət öz yerlərini, aid olduqları yeri tapdılar. Özlərinə aid olmayan torpaqlardan dəf olub getmək və əcnəbilərin qoltuğuna sığınmaqla qursunlar gələcəklərini…

Burda isə bəzilərimiz fəlakət dəllallığı, cəhənnəm carçılığı edirlər. Hələ baş verməmiş hadisə barədə faciə janrında roman yazırlar. Xocalıda aeroport açılmayıb, amma onlar deyirlər ki, açılsa, ermənilər ordan xaricə uçsa…görün nələr olacaq. Rusiya sülhməramlıları heç kimə passport paylamayıb, amma onlar deyir, az qalıb, sizin xəbəriniz yoxdu, plan asta-asta irəliləyir. Mən demirəm ki, həyata çəhrayı eynəklərlə baxaq, nə baş versə də, “əşşi, narahat olmayın, Qarabağ ki, bizdədir” havasında yaşayaq. Yox, indi Vətən savaşının daha təhlükəli mərhələsindəyik. Qazandıqlarımızı əldən verməmək, işğaldan azad etdiyimiz torpaqlarda cənnət qurmaq kimi böyük bir missiyamız var. Dünya güclərinə, xüsusən də Rusiya kimi güclə kəllə-kəlləyə gəlmək, bu zaman dəngələri qorumaq, hədəflərdən yayınmamaq kimi öhdəlik sahibiyik.

Amma yarıya qədər dolu bardağa heç də hər zaman boşmuş kimi baxmaq olmaz. İndi bizim ümidə ehtiyacımız var. Hər zamankından daha çox həm də…

Elə bu sətirləri yazanda evdən böyük bir alqış səsi qopdu. Məlum oldu ki, dünya şöhrətli şahmatçımız Teymur Rəcəbov erməni şahmatçı Levon Aronyanı məğlub edib. Rusiya sülhməramlıları işə qarışmayıb təbii ki… Əsgərimiz səngərdə, parlaq zəkamız isə şahmat masasında qalib oldu. Finala mənfur düşmənlə qalmışdıq, yenə birincilik bizim oldu. Erməni şahmatçının təlaşdan burnunu qurdaladığı, dərhal həmin barmağını ağzına saldığı mənzərələri ləzzətlə izlədik. Hamı paylaşdı sosial şəbəkədə… İyrəncliyinizdə boğulun. Biz düşməni bütün sferalarda belə təntidib, rəzil edirik əslində…

Evdə elə bir sevinc qışqırtıları vardı ki, yadıma vətən savaşı günlərində torpaqlarımızın işğaldan azad edildiyi günlər düşdü. Onda da belə hayqırtılar gəlirdi evdən… Oğlum dedi ki, şahmatçımız sevincdən ağlayırdı… Nə xoş… Sevinc göz yaşlarımız bu il də sel olsun, şəhid əsgərimiz Xudayarın da fenomenə çevirdiyi mahnıdakı kimi, dastana dönsün... Bizə yaraşan budur…

Sevinc TELMANQIZI

Xəbər Lenti