Ötən həftə “Neftçi”ni məğlub edən “Sabah” növbəti sınaq qarşısındadır.
“Tələbələr” bu dəfə turnir cədvəlinin vahid lideri “Zirə”ni qonaq edəcək.
Meydan sahibləri zirəlilərin önünə kifayət qədər ciddi itkilərlə çıxacaq.
Komandanın cəzalı baş məşqçisi Murad Musayev “Neftçi”ylə qarşılaşmada olduğu kimi bu dəfə də texniki zonada yer ala bilməyəcək.
Kapitan Elvin Camalovla müdafiənin dirəyi hesab olunan Sofian Çakla ötən tur aldıqları növbəti sarı vərəqəyə görə cəzalı duruma düşüb.
Kristian Sebalyosla İşak Belfodil zədəsini tam sağaltmayıb. Hər ikisinin “23-lük”dən kənar qalacağı gözlənilir.
Digər zədəlilər - Jarl Marqarita ilə Vinsent Til kollektiv çalışmalarda iştirak edir. Lakin “Zirə”ylə görüşdə əsas heyətdə yer alacaqları inandırıcı görünmür. Ən yaxşı halda meydana matçın gedişində daxil ola bilərlər.
Premyer Liqanın 12-ci turu çərçivəsində noyabrın 5-də keçiriləcək “Sabah” – “Zirə” oyunu saat 18:30-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

