Ötən həftə “Neftçi”ylə “Sabah” arasında baş tutan oyunun taleyi 90+5-ci dəqiqədə həll olundu.
Matçın qolsu bərabərliklə başa çatacağını ehtimal etsək də, Bosniya və Herseqovinadan olan legioner səhnəyə çıxdı.
Boyan Letiç ənənəvi solaxay zərbə ilə uzaq küncü dəqiq nişan alıb İvan Brkiçi topu tordan çıxarmağa məcbur etdi.
Letiçin qol vurması öz yerində, Maraqlı məqam VAR-dan gələn “ok” siqnalından sonra müdafiəçinin uzun məsafəni qət edib, sonradan əlinə götürdüyü formanı kameranın önündə açmasıydı.

“7 nömrə” bu addımı ilə vurduğu qolu kiməsə həsr etdiyini bildirmək istəyirdi.
Boyan Sportinfo.az-a açıqlamasında vurduğu qolu bir həftə əvvəl dünyasını dəyişən ən yaxın dostunun xatirəsinə həsr etdiyini bildirib.
Bosniyalı müdafiəçi cari mövsümdə “Sabah”ın heyətində meydana çıxdığı 9 oyunda 3 qolla yadda qalıb.
HƏBİB

