“Neftçi”yə qol vurdu, Ərəbistandan zəng gəldi

31 Oktyabr 2023 22:20 Sabah 4 218
“Neftçi”yə qol vurdu, Ərəbistandan zəng gəldi

Premyer Liqanın mərkəzi qarşılaşmasında “Sabah” “Neftçi”ni məğlub etməyi bacardı.

Oyun bərabər səviyyədə keçsə də, Boyan Letiç son saniyələrdə vurduğu qolla komandasına qələbə qazandırdı.

Bosniya və Hersoqovinadan olan legionera Sportinfo.az-a müsahibə verib.

- Oyundan əvvəl bu matçda qələbə topunu vuracağını ağlından keçirə bilərdin?

- “Neftçi” ilə oyunun çətin keçəcəyini bilirdik. Bu matça yaxşı hazırlaşmışdıq. Şadam ki, çətin səfər oyunundan 3 xalla ayrılmağı bacardıq. Bu qələbə komanda üçün çox əla oldu. Oyun zamanı düşüncə çox önəmli idi, fikrimcə bu, qələbədə həlledici rol oynadı. Lakin mən qol vurmağa yox, komandamın qələbə qazanmasına köklənmişdim.

- Səncə, 3 xal sizin olmalı idi, yoxsa hərəyə 1 xal ədalətli olardı.

- Qələbəyə tam layiq idik. Fikrimcə, biz meydanda “Neftçi”dən daha yaxşı idik.

- Vurduğun qol öncə qeydə alınmadı, sonradan VAR təsdiqlədi. Həmin an nə düşünürdün?

- Hakimin qərarını gözlədiyimiz vaxt mən ehtiyat oyunçular skamyasında olanlardan qolun qaydalar çərçivəsində vurulub-vurulmadığını soruşdum. Onlar da mənə həmin epizodda oyundankənar vəziyyətdə olmadığımı, təmiz qol olduğunu bildirdilər. Bundan sonra qolun qaydalar çərçivəsində vurulduğuna əmin oldum.

- Ötən mövsüm səninlə eyni cinahda yer alan Coy-Lens Mikels üçün çox darıxırsan? Meydanda yeri görünür?

- Mikelslə həm meydanda, həm də ondan kənarda çox yaxşı anlaşırdıq. Matçdan sonra zəng vurub məni həm qələbə, həm də qol vurmağım münasibətilə təbrik etdi (Almaniyadan olan vinger hazırda Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Faysal”da oynayır – H.).

- Əksəriyyətin fikrincə, Mikelslə Kaşukun gedişi “Sabah”ın gücünün 50 faizini alıb. Razısan bu fikirlə?

- Həm Mikels, həm də Kaşuk ötən mövsümdə hərəyə 16-17 qol vurdular, bir çox matçların taleyini həll etdilər. Lakin bu, futboldur, biri gedər, başqası gələr. Komandanın oyun keyfiyyətini sırf iki futbolçu ilə dəyərləndirmək doğru deyil. Fikrimcə, indi də kifayət qədər keyfiyyətli futbolçularımız var. Son oyun bunu bir daha sübut etdi. Hazırkı heyəti də düzgün qiymətləndirmək lazımdır.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti