Premyer Liqanın iki çılğın məşqçisindən biri olan Murad Musayev “Neftçi”ylə qarşılaşmanı tribunadan izləmək məcburiyyətində idi.
Texniki zonadakı intizamsızlığına görə cəzalı duruma düşən rusiyalı çalışdırıcı oyuna baxmaq üçün ehtiyat oyunçular skamyasının arxasındakı mərkəzi sektoru yox, bir mərtəbə yuxarıda yerləşən media tribunasını seçmişdi.
90 dəqiqə meydanda yaşananları gözümüzün qarşısında izləyən Musayevin texniki zona ilə tribunada nə ilə fərqləndiyini özüm üçün müəyyənləşdirib, sizə də çatdırmaq həvəsindəydim.
Sən demə, 39 yaşlı çalışdırıcı kifayət qədər sakit adamdır. Kənardan baxan elə bilər bu adam əsəbləşməyi, qışqırmağı bacarmır.
Musayev ilk hissəyə məhəccərlərə söykənib baxdı. Özündən 3 metr kənarda “Neftçi”nin zədəli futbolçusu Andre Şinyaşiki dayanmışdı. İlk 45 dəqiqədə təhlükəli vəziyyətlər də oldu, şübhəli qərarlar da. Baş məşqçi nəinki qışqırmadı, adi reaksiya belə vermədi.
Fasilədən sonra yerini dəyişdi. Bu dəfə oturmağı qərara aldı. Təxminən 15 dəqiqə aşağı sıradakı oturacaqda əyləşsə də, sonradan yüksəyə qalxmağı məsləhət bildi. Bu, çox güman, telefondan istifadə etməsi ilə bağlı idi.
İlk yarıda telefonu əlinə götürməyən mütəxəssis oyunun son 20-25 dəqiqəsində tez-tez telefona ehtiyac duyur, yəqin ki, texniki zonadakı köməkçilərinə tapşırıqlarını verirdi.
Və ən həssas an.
Son dəqiqələrdə “Sabah”ın hücumu zamanı Boyan Letiç rəqib qapısına yol tapıb komandasına qələbə qazandırmağa nail oldu. Düzdür, ilk həmlədə qol ləğv olundu və VAR-a ehtiyac duyuldu.
Murad bəy Letiçin qolunu kifayət qədər təmkinli qarşıladı. İş VAR-a qədər uzananda isə bəndəniz ona telefonumun yaddaşına köçürdüyüm epizodun görüntüsünü təqdim etdim.
Rusiyalı məşqçi “Burada ofsayd yoxdur axı. Orta sıradakı “Neftçi”li xətti pozur” deyib, qolun qeydə alınacağına inandığını gizlətmədi.
Baş hakim mərkəzi göstərəndə Murad Musayev bir dəfə “yes” deyib tullandı və komandasının qələbəsinə sadə formada reaksiya verdi.
O, tribunanı tərk edib paltardəyişmə otağına tələsəndə, “Sabah”ın çalışdırıcısının texniki zonada bir cür, tribunada başqa cür olmasının səbəbini tapmağa çalışırdım.
Həqiqətən bu Musayev o Musayev deyildi.
Aşağıdakı video və şəkillərə baxmadan keçməyin.
HƏBİB / SPORTİNFO.AZ

