Ağlınızı başınıza yığın, səviyyəniz olsun, klubların “evini yıxmayın“!

27 Oktyabr 2023 14:00 Sabah 1 495
Ağlınızı başınıza yığın, səviyyəniz olsun, klubların “evini yıxmayın“!

Belə bir el məsəli var: “Adın çıxınca, gözün çıxsın”.

Azərbaycan futbolunda bu ifadəni rahatlıqla “Sabah”ın baş məşqçisi Murad Musayev barədə demək olar.

Oyun zamanı texniki zonadakı emosional davranışlarıyla diqqət çəkən mütəxəssis həm əvvəlki, həm də cari mövsümdə matçın hakimlərinin “sərt üzü”nü dəfələrlə görüb.

Maraqlıdır ki, Musayev bir yerdən sonra haqlı-haqsız vərəqəyə tuş gəlməyə başladı.

Rusiyalı mütəxəssisin “aqressiv” kimi ad qazanmasından istifadə edən “hakimlər“ ən adi bir etirazda belə, onu sarı, qırmızı vərəqələrə “qonaq edir”.

Vəziyyət o qədər əndazədən çıxıb ki, hətta “Sumqayıt”la təxirə salınmış matçın son dəqiqələrində qarşılaşmanın baş hakimi Rəşad Əhmədov bir neçə saniyə ərzində Musayevə ardıcıl 2 sarı vərəqə verməkdən zərrə qədər də çəkinmədi və utanmadı.

Sanki elə belə də olmalıymış. Rusiyalı ilk sarı vərəqədən sonra hakimin ünvanına hər hansı qeyri-etik ifadə işlətsəydi, bunu başa düşmək olardı.

Lakin oyunun protokolunda da göstərildiyi kimi, Musayev hər iki “sarı”nı sadəcə, hakimin qərarına etiraz etdiyinə görə alıb.

Hər ağzını açan məşqçiyə bu cür vərəqə verilsəydi, gərək Avropanın top klublarının emosional çalışdırıcıları gününü tribunada keçirərdi.

Cənablar, etməyin, eləməyin... Ağlınızı başınıza yığın, tüfeyli deyilsiz.

Bir çimdik səviyyəniz olsun.

Futbol emosiya oyunudur. Onsuz da, dəfələrlə şahidi olduğumuz bərbad idarəçiliyinizlə insanları Azərbaycan futbolundan iyrəndirmisiz.

Heç olmasa, ölkə futbolunda yanıb közü qalmış emosiyaları söndürməyin.

Referilərimizin son həkətləri onu göstərir ki, azərbaycanlı hakimlərə emosional, gərgin oyunlar yox, maraqsız, səssiz teatr tamaşası lazımdır.

Yerli hakimlər meydanda emosiyaların yüksəlməsindən o qədər qorxurlar ki, imkanları olsa, hər hansı epizoda kəskin etiraz edən tribunadakı azarkeşlərə də sarı-qırmızı vərəqə göstərərlər.

Day bir bu qalıb, görün neyləyirsiz?!

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti