“Yusif İmanovun buraxdığı qollar bizə problemdir. Hər qolun öz səbəbi var. Yusif bəzən canlı səddi düz qurmur, bəzən düzgün mövqe seçmir”.
Bu fikirləri “Sumqayıt”la matçdan sonra (3:1) “Sabah”ın baş məşqçisi Murad Musayev səsləndirib.
İradla razılaşmamaq mümkün deyil.
Həqiqətən, son zamanlar İmanov səhvlərdən qapısında az qol görməyib.
Bu, yalnız “Sabah” yox, həm də milli komandadakı performansına da aiddir.
Amma onun səhvlərini ictimailəşdirmək, şikayət formasına salmaq rusiyalı mütəxəsisə yaraşmadı.
Axı Musayev o adamdır ki, bütün tənqid və təzyiqlərə rəğmən Yusifi əsas qapıçı kimi oynamasına şərait yaradıb.
İnkişafına dəstək olub. Dəfələrlə müdafiəsinə qalxıb.
Ümumiyyətlə, təcrübəli mütəxəssis hər zaman futbolçuların müdafiə etməsi ilə yadda qalıb.
Məsələn, bir neçə tur əvvəl İmanovu ehtiyata göndərib, Rüstəm Samiqullinə şans verdiyi “Kəpəz”lə matçda (2:2) Rüstəmin iki kobud səhvindən sonra rəqib qollar vurmuş, komanda vacib xallar itirmişdi. Lakin mətbuat Konfransında baş məşqçi onunla bağlı suala müdafiə xarakterli cavab vermişdi: “Məğlubiyyətin günahkarı sadəcə Rüstəm Samiqullin deyil”.
Həmin konfransda da Murad Musayev İmanovu üstüörtülü tənqid etməkdən qalmamışdı: “Yusif rahatlaşmışdı. Rəqabəti daha da artırmaq üçün belə qərar verdik. Ona limitə görə imkan verdik, oynadı”.
Minnət vurmaq da öz yerində.
Əcnəbi mütəxəsisi gənc qapıçıya münasibətdə belə dəyişməsi heç yaxşı hal deyil.
Yusifin cəmi 21 yaşı var. O, belə psixolji təzyiqin altında itib-bata bilər.
Murad Musayev qətiyyətli qərarı ilə onu üzə çıxarıb, Azərbaycan millisinə kimi yüksəlməsinə şərait yaradıb.
Ancaq bu gün göstərdiyi münasibətlə Yusifi qaldırdığı zirvədən yerə vura bilər.
Məncə, fikirlərində diqqətli olsa, korrektə etsə daha yaxşı olar.
O, bəlkə də seçdiyi bu üsulla Yusifin daha da böyüməsinə çalışır. Amma bunu ikilikdə də etmək olar, hörmətli Murad bəy!
XANOĞLAN İMANOV

