Premyer Liqanın birinci dövrəsi “Sabah” üçün şok gedişatla yadda qaldı.
Mövsümdə “Qəbələ” üzərində darmadağınla (5:0) start verən Masazır klubu bunun ardını gətirə bilmədi.
İkinci turda “Sumqayıt”la matç təxirə salındısa, davamında paytaxt klubu meydana çıxdığı 7 qarşılaşmada bir qələbə belə qazana bilmədi.
3 görüşdə məğlub olublarsa, 4 matçda bərabərlik qeydə alınıb.
Bunun nəticəsində çempionluq şanslarından danışdığımız Murad Musayevin yetirmələri indi aktivindəki cəmi 7 xalla 8-ci pillədə qərar tutub.
Amma komandanın qolkiperi Yusif İmanov geridönüş edəcəklərinə əmindir.
Gənc qapıçı Sportinfo.az-a açıqlamasında bunu dil gətirib:
“Partizan”la oyundan sonra komandada bir az düşüş oldu. Amma məşqlərdə eyni həvəslə çalışırıq.
Baş məşqçi də uğursuz dönəmi arxada qoymaq üçün əlindən gələni edir. Əsas biz özümüz meydanda tapşırıqları düzgün yerinə yetirib, qələbələri sıralamalıyıq.
Düzdür, çətin durumdu, lakin çıxılmaz vəziyyət deyil. Çünki yaxşı baş məşqçimiz və keyfiyyətli futbolçularımız var.
İnşallah, inanıram ki, düşdüyümüz vəziyyətdən çıxacağıq”.
XANOĞLAN

